Süni intellekt texnologiyalarının sürətlə inkişafı artıq təkcə iqtisadi və texnoloji sahələrlə məhdudlaşmır, eyni zamanda ekoloji problemlərin həllində də mühüm alətə çevrilir. Xüsusilə iqlim dəyişikliyi, enerji sərfiyyatı və təbii resursların səmərəsiz istifadəsi fonunda bu texnologiyaların rolu daha da aktuallaşır. Süni intellekt vasitəsilə enerji istehlakının optimallaşdırılması, tullantıların idarə olunması və ekoloji risklərin əvvəlcədən proqnozlaşdırılması mümkün ola bilər.
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Ekologiya.az-a açıqlamasında deyib ki, süni intellekt artıq bir çox sahələrdə geniş tətbiq olunur və onun imkanlarından səmərəli şəkildə istifadə edilir:
“Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Qarşıda duran əsas məsələlərdən biri süni intellekt texnologiyalarının daha geniş tətbiqini təmin etmək və bu prosesi arzulanan səviyyədə inkişaf etdirməkdir. Xüsusilə ekologiya sahəsində süni intellektin rolu getdikcə artır. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, ətraf mühitin qorunması, təbii resurslardan daha səmərəli istifadə və ekoloji risklərin vaxtında müəyyən edilməsi baxımından bu texnologiyalar mühüm əhəmiyyət daşıyır. Süni intellekt ekoloji problemlərin həllində operativ qərarların qəbuluna və daha dəqiq proqnozların hazırlanmasına ciddi töhfə verə bilər”.
Deputatın sözlərinə görə, bu texnologiyalar daha dayanıqlı və ekoloji baxımdan səmərəli cəmiyyət modelinin formalaşmasına da müsbət təsir göstərir:

“Yaşıl inkişafın təmin olunması və ekoloji tarazlığın qorunması üçün innovativ həllərin tətbiqi artıq zərurətə çevrilib. Bu prosesdə həm dövlətin, həm özəl sektorun, həm də cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür. Hər kəs öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli, ekologiyanın qorunmasına və davamlı inkişafın təmin olunmasına töhfə verməlidir”.
Aysel Muxtar