Son günlər bəzi sosial şəbəkə hesablarında Quba rayonunda qanunsuz karxanaların fəaliyyəti və guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin buna göz yumması ilə bağlı əsassız iddialar paylaşılır.

Qeyd edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz karxanalara qarşı mübarizə istiqamətində davamlı və ciddi tədbirlər həyata keçirilir. DETX, DMXEİA və  regional idarələrin  əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılır, qanunsuz fəaliyyət göstərən karxanalar aşkarlanaraq onların fəaliyyətinin dayandırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.


Bu tədbirlər təkcə Quba rayonu ilə  məhdudlaşmır. Paytaxt və digər rayonlarda da monitorinqlər davam etdirilir, qanun pozuntularına qarşı operativ tədbirlər görülür.

Ekologiya.az-ın əməkdaşları Quba, Xaçmaz və Qusar rayonlarında da müşahidələr aparıb. 

Nəticə olaraq bildirək ki,  həmin ərazilərdə qanuni sənədlərlə və müəyyən olunmuş qaydalara uyğun fəaliyyət göstərən karxanalar mövcuddur. Sənədsiz və qanunsuz fəaliyyət göstərən karxanalar aşkar edildikdə isə onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti qurumlar tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Bu səbəbdən sosial şəbəkələrdə yayılan və Nazirliyin guya qanunsuz fəaliyyətə göz yumduğu barədə iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.


Mövzu ilə bağlı araşdırma zamanı müəyyən olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Quba rayonunun Vəlvələ çayı ətrafında yerləşən “Azvit MMC”yə məxsus karxanadır. Sözügedən karxananın fəaliyyəti uzun müddət dayandırılıb. Hazırda isə müəssisənin fəaliyyət üçün tələb olunan bütün müvafiq sənədləri mövcuddur və bu əsasda qanuni fəaliyyət göstərir. Bəzi şəxslər məsələni araşdırmadan müxtəlif iddialar yayırlar. Bu cür yanaşmanın həm jurnalistika etikasına, həm də hüquqi prinsiplərə uyğun deyil.

Qeyd edək ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Ekologiya.az-a bildirilib ki, səsləndirilən iddiaları təsdiqləyən hər hansı əsas yoxdur. Qurumdan qeyd olunub ki, məsələ ilə bağlı hər hansı fakt və ya sübut təqdim edilərsə, həmin məlumatlar aidiyyəti üzrə birgə araşdırıla bilər.