Göygöl rayonunun Zurnabad kəndində ekoloji problemlər, meşələrdən dövlət qeydiyyat nişanı olmayan avtomobillərlə gecə saatlarında odun daşınması, eləcə də Gəncəçaydan qanunsuz qum-çınqıl çıxarılması ilə bağlı bəzi media orqanlarında yayılan məlumatların araşdırılması məqsədilə Ekologiya.az-ın əməkdaşları bölgədə olublar. Araşdırma çərçivəsində ilk olaraq Zurnabad bələdiyyəsinin sədri Yelman Bayramovun mövqeyi öyrənilib.

 Bələdiyyə sədri bildirib ki, hazırda bir neçə iri kəndə gedən yolların çəkilişi həyata keçirilir və bu işlərdə istifadə olunan qum-çınqıl Gəncəçaydan müvafiq qanuni icazələr əsasında çıxarılaraq daşınır. Yayılan iddialara münasibət bildirən Yelman Bayramov qeyd edib ki, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. “Biz işimizi qanun çərçivəsində görürük. Bütün sənədlərimiz qaydasındadır. Məsələnin araşdırılmasını özümüz də istəyirik və araşdırmanın nəticəsində hər şey aydın olacaq”, – deyə bələdiyyə sədri vurğulayıb. Araşdırma zamanı Ekologiya.az-ın əməkdaşları 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə də əlaqə saxlayıblar. Mərkəzdən bildirilib ki, ərazidə qanunsuz meşə qırıntısından söhbət gedə bilməz və dövlət qeydiyyat nişanı olmayan avtomobillərlə qanunsuz odun daşınmasına dair onlarda hər hansı fakt mövcud deyil. Qurum rəsmilərinin sözlərinə görə, meşə fondu ərazilərində mütəmadi reydlər, monitorinqlər və nəzarət tədbirləri həyata keçirilir. Bildirilib ki, əgər belə bir fakt mövcuddursa, həmin avtomobillərin görüntülərinin və digər sübutların təqdim edilməsi mümkündür. “Əgər hər hansı qanun pozuntusuna dair konkret fakt və sübut varsa, təqdim olunsun. Məsələ dərhal araşdırılar və qanunvericiliyə uyğun tədbirlər görülər”, – deyə mərkəzdən bildirilib. Qurumdan onu da qeyd ediblər ki, nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək və daha da gücləndiriləcək. Mərkəzin mövqeyinə görə, bəzi media orqanlarında yayılan iddialar həqiqəti əks etdirmir. Məsələyə aydınlıq gətirmək üçün Ekologiya.az-ın əməkdaşları Aslanoğlu MMC-nin nümayəndəsi ilə də əlaqə saxlayıblar. Şirkət rəsmisi bildirib ki, səsləndirilən iddiaların heç bir hüquqi əsası yoxdur və müəssisənin fəaliyyəti tam şəkildə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Onun sözlərinə görə, şirkətin Zurnabad kəndində yerləşən texnika və avtomobillərin saxlanıldığı ərazi bütün zəruri sənədlərlə rəsmiləşdirilib. Daşıma işləri isə müvafiq müqavilələr və aidiyyəti dövlət qurumlarının razılığı əsasında həyata keçirilir. Şirkət nümayəndəsi qeyd edib ki, fəaliyyət göstərdikləri müddətdə ekoloji qanunvericiliyin pozulması ilə bağlı heç bir dövlət qurumu, o cümlədən regional ekoloji qurum tərəfindən onlara nə rəsmi, nə də şifahi xəbərdarlıq edilib. “Əgər fəaliyyətimizlə bağlı hər hansı qanun pozuntusuna dair konkret fakt varsa, aidiyyəti dövlət qurumları bunu araşdırsın. Biz bütün araşdırmalara açığıq. Şirkətimiz haqqında yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir”, – deyə şirkət rəsmisi bildirib. Şirkət nümayəndəsi əlavə edib ki, Aslanoğlu MMC-nin direktoru Oqtay Mənsumov deyil. Onun sözlərinə görə, bu faktın özü də şirkət barədə yayılan məlumatların dəqiqləşdirilmədən hazırlandığını və bir sıra iddiaların həqiqətə uyğun olmadığını göstərir.

Rəqəmsal informasiya mühitində operativlik uğrunda rəqabət bəzi hallarda məlumatın dəqiqliyini ikinci plana keçirir. Son dövrlərdə bəzi media qurumları və jurnalistlər tərəfindən hadisə yerinə getmədən, araşdırılmamış və həqiqətə uyğunluğu təsdiqlənməmiş məlumatların yayıldığı hallara daha tez-tez rast gəlinir. Belə xəbərlər qısa müddətdə geniş auditoriyaya çatdırılaraq tirajlansa da, sonradan hadisə yerində aparılan araşdırmalar yayılan informasiyanın reallığı əks etdirmədiyini, faktların isə tamamilə fərqli olduğunu üzə çıxarır. Bu araşdırma çərçivəsində də həm yerli bələdiyyənin, həm aidiyyəti dövlət qurumunun, həm də adı hallandırılan şirkətin mövqeyi öyrənilib. Hər üç tərəf səsləndirilən iddiaları əsassız hesab etdiyini bildirib və hər hansı qanun pozuntusuna dair konkret faktların təqdim ediləcəyi təqdirdə onların araşdırılmasına hazır olduqlarını vurğulayıb.

Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov Ekologiya.az-a açıqlamasında deyib ki, bu məsələyə hüquqi qiymət vermək üçün ilk növbədə yayılan məlumatın məzmununa baxmaq lazımdır:

“Əgər həmin məlumat konkret bir şəxsin şərəf və ləyaqətini alçaldırsa, böhtan xarakteri daşıyırsa və ya hansısa sahibkarlıq subyektinin işgüzar nüfuzuna, iqtisadi fəaliyyətinə və ya maddi maraqlarına zərər vurursa, bu halda hüquqlarının pozulduğunu hesab edən şəxs müvafiq qaydada şikayət etməlidir. Yəni hüquqi məsuliyyət məsələsinin yaranması üçün həmin məlumatın kiminsə qanunla qorunan hüquq və mənafelərinə toxunması vacibdir. Şəxs əsaslandırmalıdır ki, yayılan informasiya ona maddi və ya mənəvi zərər vurub. Əgər belə bir zərər mövcuddursa, o, məhkəməyə müraciət edərək dəymiş ziyanın ödənilməsini, həmçinin həqiqətə uyğun olmayan məlumatın eyni qaydada və publik şəkildə təkzib edilməsini tələb edə bilər. Əksinə, əgər yayılan məlumat heç kimin hüquq və maraqlarına zərər vurmursa, hüquqi məsuliyyət məsələsi fərqli qiymətləndirilə bilər. Bu gün informasiya mühitində müxtəlif əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilir”. 

Hüquqşünas qeyd edib ki, məsələn, kimsə tamamilə reallığa zidd bir iddia irəli sürə bilər:

“Təkcə məlumatın həqiqətə uyğun olmaması onun avtomatik olaraq hüquqi məsuliyyət yaratması anlamına gəlmir. Əsas məsələ həmin məlumatın konkret şəxsə və ya hüquqi şəxsə zərər vurub-vurmamasıdır. Əgər söhbət təhqir və ya böhtandan gedirsə, bu artıq qanunvericilikdə ayrıca hüquqi məsuliyyət yaradan hal kimi nəzərdə tutulur. Lakin belə hallarda da, bir qayda olaraq, zərərçəkmiş şəxsin müraciəti və ya şikayəti olmalıdır. Yəni hüquqi prosedurun başlanması üçün hüquqları pozulan şəxsin aidiyyəti orqanlara və ya məhkəməyə müraciət etməsi əsas şərtlərdən biridir".

Xatırladaq ki,  Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəs fikir və söz azadlığına malikdir. Lakin həmin maddədə eyni zamanda qeyd olunur ki, irqi, milli, dini, sosial nifrət və düşmənçilik yaradan təbliğat və təşviqata yol verilmir. Konstitusiyanın 46-cı maddəsi isə hər bir şəxsin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunduğunu təsbit edir. Heç kəsin şərəf və ləyaqəti alçaldıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə qaydasında tələb edə bilər. Məlumatı yayan şəxs onun həqiqətə uyğun olduğunu sübut edə bilmədikdə, həmin məlumatın təkzib olunması barədə məhkəmə qərar qəbul edə bilər. Eyni zamanda, hüquqları pozulan şəxs yayılmış məlumat nəticəsində ona dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsini də tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan cinayət əməli kimi müəyyən edilib. Bu maddəyə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, media subyektində və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 148-ci maddəsində isə təhqirə görə məsuliyyət nəzərdə tutulur. Şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması qanunvericiliklə cəzalandırılan əməl hesab edilir.

Qeyd edilməlidir ki, böhtan və təhqir əməlləri üzrə cinayət təqibi, bir qayda olaraq, zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Beləliklə, Azərbaycan qanunvericiliyinə görə, hər hansı məlumatın həqiqətə uyğun olmaması onun öz-özlüyündə hüquqi məsuliyyət yaratmır. Hüquqi məsuliyyətin yaranması üçün həmin məlumatın konkret şəxsin qanunla qorunan hüquqlarını pozması, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi və ya qanunda nəzərdə tutulmuş digər hüquq pozuntusuna səbəb olması vacib şərtlərdən biridir.

Aysel Muxtar