Tullantıların düzgün idarə olunmasının təşviqi, təkrar emal mədəniyyətinin və cəmiyyətdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Böyükşor bulvarında “PAŞA Bank” ASC, “Araz” supermarketlər şəbəkəsi, “EcoHub” İctimai Birliyi və “Yağmur-2” MMC-nin dəstəyi ilə təşkil olunan festivalda vətəndaşlar təkrar emala yararlı tullantıları təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival çərçivəsində ümumi tutumu 5090 litr olan plastik və 810 litr olan şüşə tullantı toplanaraq təkrar emala yönləndirilib, həmçinin 725 ədəd işlənmiş batareya təhvil alınıb.
Tədbirdə uşaqlar üçün əyləncəli oyunlar və müxtəlif master-klasslar da təşkil olunub. Balacalar maraqlı və əyləncəli fəaliyyətlərdə iştirak etməklə yanaşı, ətraf mühitin mühafizəsi, tullantıların çeşidlənməsi və ekoloji məsuliyyət barədə faydalı biliklər əldə ediblər.