Region gənclərinin iştirakı ilə “Ətraf mühitin keşiyində” layihəsi çərçivəsində seminarlar təşkil edilib/FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən layihənin əsas məqsədi yeniyetmə və gənclərin ətraf mühitin qorunması sahəsində biliklərinin artırılması və ekoloji məsuliyyət hissinin aşılanmasıdır.
Layihə çərçivəsində 14-16 fevral tarixlərində Beyləqan, Füzuli və Tərtər rayonlarında gənclərin iştirakı ilə ətraf mühit, yaşıl dünya və ekoloji problemlər mövzusunda interaktiv formada seminarlar təşkil edilib.
Seminarlarda müvafiq rayon icra hakimiyyətlərinin, rayon gənclər və idman sektorlarının, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak edərək, həyata keçirilən tədbirin əhəmiyyətini qeyd edib, iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Eyni zamanda seminarda layihə rəhbəri Zaur Quliyev tərəfindən 20 nəfər yeniyetmə və gəncin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonunda 23-25 fevral tarixlərində həyata keçiriləcək düşərgə haqqında da məlumat verilib, təqdimat nümayiş olunub.
Bildirilib ki, düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətlərində aparılacaq.
Təlimlərdə biomüxtəlik, ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti, gənclərin vəhşi təbiətdə düzgün davranış qaydaları, ətraf mühitə ziyan vermədən istirahətin təşviqi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti, o cümlədən ətraf mühitin qorunması istiqamətində gələcək fəaliyyətlərlə bağlı müzakirələr yer alacaq.
![]()
![]()
![]()
![]()