• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı məqsədlərinə çatmasında COP29-un rolu ŞƏRH

    16

    okt

    Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı məqsədlərinə çatmasında COP29-un rolu ŞƏRH

    Azərbaycanın enerji strategiyasında bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı ölkənin əsas prioritetlərindəndir. Təsadüfi deyil ki, ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən də mühüm vəzifə olaraq əsas xətt kimi qəbul olunub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirilməsi də bunu bariz nümunələrindəndir.


    Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.

    Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, Günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu, rəsmi rəqəmlərdir və potensialına görə çox yüksək qiymətləndirilir”.

    Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası olacağını vurğulayan Xanlar Fətiyev deyib: “Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası dövlətimiz tərəfindən artıq müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən təsdiqlənən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədində 5 milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” əsas hədəflərdəndir. 2030-cu ilədək Azərbaycan karbon emissiyasını 35 faizə yaxın azaltmaq niyyətindədir. Əsrin ortalarına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub. Son illərdə dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da daxildir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan yaşıl enerjiyə keçidə hazırlaşmaqdadır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələr və qarşıya qoyulan məqsədlərə doğru inamlı addımlar dünya ictimaiyyətinin də nəzərindən kənarda qalmayıb. Ölkəmizin COP29-a ev sahibi kimi seçilməsi, həm də Azərbaycanın qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət olaraq özünü tanıda bildiyini və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir”.

    Deputatın sözlərinə görə, bu gün Azərbaycanın reallaşdırmaqda olduğu layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya yaşıl enerji ixrac edən bir dövlət kimi öz missiyasını yerinə yetirəcək. Bu istiqamətlərdə işlərə start verilib və artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçidində, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq. Təbii ki, bu beynəlxalq konfransda dünyanın yaşıl enerjiyə keçidi ilə bağlı mühüm qərarlar da qəbul ediləcək. Azərbaycan Avropaya yaşıl enerjinin ixracı ilə bağlı layihənin reallaşdırılması üçün mühüm tərəfdaşlar cəlb edə biləcək ki, bu da gələcəkdə ölkəmizin iqtisadi baxımdan inkişafına dəstək olacaq. Bu gün Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, bu kimi vacib layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə kanallarının açılması ilə böyük sərmayələrin yatırılması yeni yaşıl enerji əsrinin başlanğıcına start verməyə imkanlar açacaq.

    “COP 29 çərçivəsində Azərbaycan yaşıl iqtisadiyyatın inkişaf etdirilməsində maraqlı olan dövlət kimi həm də maliyyə təminatından əlavə yaşıl enerji sahəsində lider sayılan inkişaf etmiş ölkələr tərəfindən Azərbaycana texnoloji transferin reallaşmasına da nail ola bilər. Belə ki, ölkəmizdə yaşıl enerjinin inkişaf etdirilməsinə olan maraq və münbit şərait təbii ki, digər bu sahədə ixtisaslaşmış dövlətlərdən müasir texnologiyaların Azərbaycana gətirilməsinə və quraşdırılmasına, birgə əməkdaşlığa geniş zəmin yaradacaq. Təbii ki, belə layihələrin reallaşdırılması, yeni yaşıl enerji istehsalını həyata keçirən qurğular quraşdırıldıqca, istismara verildikcə bu sahədə çalışacaq mütəxəssislərin də formalaşdırılmasına ehtiyac duyulacaq və bu da təbii ki, yeni ixtisaslar, yeni iş yerlərinin yaranmasına səbəb olacaq.

    Beləliklə, Azərbaycan bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjinin sayəsində karbon emissiyasını azaldaraq bəşəriyyətə öz töhfəsini verəcək. Həm də ölkədə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqla digər enerji mənbələrinə qənaət edəcək, o cümlədən yaşıl enerji ixracatçısına çevrilməklə respublikanın iqtisadi inkişafına nail olacaq”, - deyə deputat bildirib.

    Tarix : 16-10-2024, 16:51 | Oxunub: 1 608