• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tahir Budaqov: Ağacəkmə aksiyası ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək

    24

    dek

    Tahir Budaqov: Ağacəkmə aksiyası ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək

    Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar ölkə ərazisində və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, mütərəqqi ümumbəşəri dəyərlərin təşviqinə verdiyi töhfələr minnətdarlıqla yad edilir, onun ideyalarının Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanır. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti də bu ilin əvvəlində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq edib.

    YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

    YAP İdarə Heyətinin təsdiqlədiyi Tədbirlər Planında müxtəlif tədbirlərin nəzərdə tutulduğunu xatırladan T. Budaqov bildirib: “Onlardan biri də Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsidir. Bu aksiyalara yaz aylarında start verilib və payız-qış mövsümündə də davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, “Heydər Əliyev İli” çərçivəsində bu il ölkəmizin ərazisində ümumilikdə 3 milyondan çox ağac əkilib. Bu, ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək, insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verəcək”.

    YAP Sədrinin müavini, həmçinin vurğulayıb ki, Azərbaycan dünyada mövqelərini ildən-ilə möhkəmləndirir. Aparıcı dövlət kimi Azərbaycan nəinki regionda, həm də qlobal miqyasda öz yerini təsdiq edib. Bu baxımdan COP29 tədbirinin (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-red.) məhz Azərbaycanda keçirilməsi ilə bağlı qərar tarixi əhəmiyyət daşımaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. “Bu tədbir çərçivəsində dünyanın yüzlərlə dövlət və hökumət başçısı, bütövlükdə bu sahə ilə məşğul olan minlərlə insan Azərbaycana gələcək. Düşünürəm ki, COP29 ərəfəsində bu kimi ağacəkmə aksiyaları Azərbaycanın ekoloji sağlamlığa yetirdiyi diqqətin, iqlim dəyişikliyinin yaratdığı fəsadların yumşaldılmasına xidmət edən önəmli töhfəsinin bir nümunəsidir”, - deyə T.Budaqov vurğulayıb.

    Tarix : 24-12-2023, 10:00 | Oxunub: 1 675