• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tikinti-söküntü materiallarının emalı nəticəsində 30 min tona yaxın material istehsal edilib

    26

    dek

    Tikinti-söküntü materiallarının emalı nəticəsində 30 min tona yaxın material istehsal edilib

    Ağdamın Kəngərli kəndində işğal dövründən qalmış binaların və tikililərin qalıqlarından yol infrastrukturu üçün yararlı olan material istehsal edilir. Bu ilin yay aylarında Kəngərlidə başladığımız işlər bitmək üzrədir.

    Bunu Ağdamın Kəngərli kəndində jurnalistlərə açıqlamasında “Holcim Azərbaycan” ASC-nin əməkdaşı Rəşad Osmanov deyib.

    "Dövlətimizin işğaldan azad edilmiş ərazilərdə yaşıl konsepsiyası mövcuddur. Həmin konsepsiyanın uğurla tətbiqinə öz töhfəmizi veririk. Ağdamın Kəngərli kəndində işğal dövründə dağıdılan binaların, tikililərin qalıqlarını emal edirik. Tikinti-söküntü materiallarının emalı dünyada geniş təcrübəyə malik üsuldur. Burada həmin üsulu tətbiq edirik. Ağdamın Kəngərli kəndində pilot layihə həyata keçiririk. Kəngərli kəndindən sonra Ağdamda daha çox həcmə malik qalıq tikililəri yeni emal mərkəzində qəbul etməyə hazırlaşırıq. Bunun üçün işlər görülür. Gələn ilin əvvəllərində biz rayonda fəaliyyətə başlayacaq və daha iri istehsalat gücünə malik olan qurğuları quraşdırıb bu işləri həyata keçirməyə çalışacağıq. Hazırda tikinti-söküntü materiallarının emalı nəticəsində 30 min tona yaxın material istehsal etmişik. Növbəti mərhələlərdə daha böyük istehsalat gücünə malik olan qurğularla miqdarı artırmağa çalışacağıq", - deyə R.Osmanov bildirib.

    Tikinti-söküntü materiallarının nəinki yol infrastrukturunda, hətta sement istehsalında belə istifadə oluna biləcəyini deyən şirkətin direktoru fikirlərinə belə davam edib: "Biz işğaldan azad olunmuş ərazilərdə daha geniş təcrübəmizi yayaraq böyük şəhərlərdə də tikinti-söküntü materiallarının emalı üçün fəaliyyətlərə başlayırıq. Burada böyük səmərələr mövcuddur. Məlum olduğu kimi tikinti-söküntü materialları müxtəlif ərazilərə, poliqonlara daşınır. Bu da öz növbəsində ekoloji cəhətdən mənfi təsir göstərir, ərazilər çirklənir. Tətbiq etdiyimiz üsulla bunun qarşısını alırıq. Burada həm maddiyyata, həm də vaxta qənaət var. Ümumiyyətlə, tikinti-söküntü materialları yol infrastrukturunda alt qat materialı kimi istifadə oluna bilər. Yol infrastrukturu işlərində çay yataqları, təbii resurslardan istifadə olunur. Bu da öz növbəsində əlavə olaraq ekoloji fəsadlara gətirib çıxara bilər".

    Tarix : 26-12-2023, 08:17 | Oxunub: 1 822