• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • QDİƏT-in baş katibi: “Zəngəzur dəhlizinin açılmasını təşviq edirik” - MÜSAHİBƏ

    29

    fev

    QDİƏT-in baş katibi: “Zəngəzur dəhlizinin açılmasını təşviq edirik” - MÜSAHİBƏ

    Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvü olmaqla bu təşkilatlarda söz sahibinə çevrilir, birgə əməkdaşlıq imkanları yaradır və milli maraqları istiqamətində fəaliyyət göstərir. Bu cür təşkilatlardan biri də ölkəmizin təsisçi üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). 1992-ci il iyunun 25-də İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Zirvə Bəyannaməsinin imzalanması ilə yaranan təşkilat ticarət, maliyyə, enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, ekologiya, turizm, təhsil, gömrük və digər sahələrdə əməkdaşlıq imkanları yaradır.

    QDİƏT-in baş katibi Lazar Komanesku “Report”a müsahibəsində təşkilatın 2024-cü il üçün hədəfləri, nəqliyyat və turizm sektorunda birgə əməkdaşlıq, görüləcək işlər barədə danışıb.

    - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 2024-cü ildə hansı iqtisadi layihələri həyata keçirməyi planlaşdırır? Bu il üçün gözləntiləriniz nələrdir?

    - Xatırlatmaq istəyirəm ki, keçən ilin dekabrında QDİƏT-in Xarici İşlər Nazirləri Şurasında mühüm qərarlar qəbul edilib. “Geniş Qara Dəniz hövzəsinin davamlı gələcəyə doğru dayanıqlı iqtisadi gündəliyi”nin təsdiqi, QDİƏT Layihəsinin İnkişafı Fondunun yenidən yaradılması bu mühüm qərarlardandır. Bununla da, QDİƏT-in layihə yönümlü fəaliyyətini əhəmiyyətli dərəcədə artırmaq üçün təməl qoyuldu. Konkret layihələr baxımından, xüsusilə regional ticarət və investisiyaların intensivləşdirilməsi, gömrük idarələri arasında əməkdaşlıq, səmərəli nəqliyyat şəbəkəsinin yaradılması və sair sahələrə xüsusi diqqət yetiriləcək.

    Bundan əlavə, 2024-cü ildən gözləntilər sırasında bölgəmizdəki xoşagəlməz hadisələrdən sonra yavaşlayan və ya ləğv edilən bəzi planlaşdırılmış layihələrin yenidən bərpası da var.

    Təşkilata üzv ölkələr arasında əməkdaşlıq hansı sahələrdə zəif və güclüdür?

    - QDİƏT əməkdaşlığın 19 müxtəlif istiqaməti üzrə fəaliyyət göstərir. Ən güclü istiqamətlər enerji, nəqliyyat, ətraf mühitin mühafizəsi, turizm və mədəniyyət sahələrindədir. Kənd təsərrüfatı, ticarət və iqtisadi inkişaf, eləcə də statistik və iqtisadi məlumatların mübadiləsi kimi eyni dərəcədə vacib digər sahələrdə fəaliyyət daha da gücləndirilməlidir və bunun üzərində çalışırıq.

    - Ötən il təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsi nə qədər təşkil edib? Bu il ölkələr arasında ticarətin həcmini artırmaq üçün hansı addımlar atılacaq?

    - Ötən ilin yekun məlumatları dəqiq olmasa da, hesablamalar göstərir ki, QDİƏT ölkələri arasında ticarət dövriyyəsi təxminən 375 milyard ABŞ dollarına çatıb. Mövcud vəziyyət düzələndən sonra, yəni, regionda sülh bərqərar olduqdan sonra, əlbəttə ki, bu həcmlər artacaq. QDİƏT-in praktiki olaraq yekunlaşan Ticarətin Asanlaşdırılması Strategiyasının qəbulu da bu istiqamətdə mühüm təsir göstərəcək.

    - Dünyada baş verən son gərginliklər Orta Dəhlizə marağı daha da artırıb. Üzv ölkələrin bu dəhlizdə iştirakı və onun səmərəliliyinin artırılması üçün hansı təklifləriniz var?

    - Bəli, nəqliyyat kimi bir çox sahələrdə problemlər mövcuddur və bu, QDİƏT və digər beynəlxalq təşkilatların birgə səyləri ilə daha yaxşı həll oluna bilər. Alternativ dəhlizlərin yaradılması QDİƏT regionunda və onun hüdudlarından kənarda malların ticarətini və daşınmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Bu cür alternativlərin bir-birini tamamlayan və gücləndirən olması, lakin rəqabətdə olmaması böyük əhəmiyyət kəsb edir. QDİƏT məkanının Avropa və Asiya ölkələri arasında körpü rolunu nəzərə alsaq, bu baxımdan Orta Dəhlizin inkişaf etdirilməsi üstünlük deməkdir və mühüm əhəmiyyətə malikdir.

    - Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizin imkanlarına necə təsir edəcək? Bu dəhliz təşkilata üzv ölkələrə hansı imkanlar yarada bilər? Erməni tərəfinin bu dəhlizə biganəliyi və qoşulmaq barədə tərəddüdü barədə nə deyə bilərsiniz? Bu qərar nə dərəcədə doğrudur?

    - Geniş Qara dəniz hövzəsində malların ticarətinin və daşınmasının asanlaşdırılması istiqamətində birgə səylər təkcə alqışlanmır, həm də zəruridir. Zəngəzur dəhlizinə gəlincə, onun açılması Ermənistan-Azərbaycan sazişinin gedişatından asılıdır ki, biz bunu çox alqışlayar və təşviq edərik.

    - Azərbaycanın təşkilatın nəqliyyat sektoru üzrə icazə sənədi sisteminə qoşulması ilə bağlı hər hansı addımlar atılırmı? Azərbaycanın yaxın gələcəkdə bu sistemə qoşulması gözlənilirmi? Bu icazə hansı üstünlükləri verir?

    - QDİƏT-in icazə sənədi sistemi sərhəd-keçid prosedurlarının rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Bu günə olan məlumata görə, QDİƏT-in 13 üzv dövlətindən 9-u bu sistemə qoşulub və biz sistemin daha da genişləndirilməsi, eləcə də rəqəmsallaşdırılması istiqamətində çalışırıq. Dekabrda keçirilən QDİƏT-in Xarici İşlər Nazirləri Şurasında da layihədə iştirak etməyən üzv dövlətlər dəvət edilib. Ümid edirik ki, Azərbaycan da tezliklə bu icazə sənədi sisteminə qoşulacaq.

    - Təşkilata üzv olan ölkələr arasında turizmin inkişafı üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur? Bu sahədə sazişlər və layihələr gözlənilirmi?

    - 2024-cü ildə QDİƏT-in Turizm üzrə işçi qrupu yenilənmiş iqtisadi gündəliyində qeyd olunan məqsədlərə, xüsusilə 8-ci məqsədə -turizmin inkişafı, mədəni irsin mühafizəsi və müasir mədəniyyətin təbliği - nail olmaq üçün səylərini gücləndirəcək. İşçi qrup dayanıqlı turizmin inkişafı və təşviqi üzrə fəaliyyətlərə diqqət yetirməklə addımlar atacaq.

    Həmçinin turizmlə bağlı ən mühüm tədbirlərdən biri bu il aprel ayının sonunda Bakıda keçiriləcək QDİƏT Turizm Təhsil Konfransı olacaq.

    Tarix : 29-02-2024, 16:25 | Oxunub: 93