"Bu tədbirin əsas məqsədi müxtəlif yaş qruplarında olan insanları milli parklarımız haqqında maarifləndirmənin daha da genişləndirilməsidir".
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva AZƏRTAC-a müsahibəsində deyib.
Arzu Babayeva qeyd edib ki, Dənizkənarı Milli Parkda "Biomüxtəliflik - təbiətin harmoniyası" adlı tədbir ikinci dəfə keçirilir: "Tədbirin əsas məqsədi geniş kütlə, müxtəlif yaş qruplarından olan insanlarda milli parklarımız haqqında maarifləndirmənin daha da genişləndirilməsidir.
Milli parkların hər biri coğrafi cəhətindən unikal əraziləri özündə cəmləşdirir. Burada nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri var. Əraziləri tanımaq və həmin yerlərin təbiətini sevmək hər bir vətəndaşın borcudur", - deyə Arzu Babayeva fikrini tamamlayıb.
Avqustun 11-də Dənizkənarı Milli Parkda "Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib.
Tədbirdə milli parkların təbiətinə, flora və faunasına aid eksponatlar nümayiş etdirilib, parklara aid çap məhsulları təqdim olunub. Ziyarətçilər milli parkların təqdim etdiyi guşələrə maraq göstərib, təqdim olunan məlumatlardan yararlanıb, ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə ediblər.
Tədbirdə interaktiv zona yaradılaraq iştirakçılar arasında ekoviktorina təşkil edilib. Həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkib, müxtəlif yaş qrupundan olan uşaqlar üçün təbiətdə oyunlar konsepsiyası, intellektual inkişaf oyunları, art-terapiya təşkil olunub.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda "Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir ikinci dəfə keçirilir. Tədbirə Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər də böyük maraq göstəriblər.