• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib

    02

    iyl

    Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib

    Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu çərçivəsində "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya təşkil edilib.

    AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, sessiya BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilib.

    Panel sessiyada çıxış edən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə strategiyası hazırladığını və onun COP29-da təqdim olunduğunu diqqətə çatdırıb. "Biz yaşıl enerji sahəsində qadınların təmsilçiliyini artırırıq. Həmin təşəbbüs Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilir", - deyə o bildirib.

    Qazaxıstanın parlament üzvü, Qadın və Ailə Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymanova ölkəsinin Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verdiyini deyib. Qeyd edib ki, 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq üçün strategiya hazırlanır. Enerji və neft sənayesinin müxtəlif sahələrində mütəxəssislərin hazırlanması üçün yeni təhsil proqramlarından istifadə edilir.

    Azərbaycanda gender bərabərliyinin təşviqinə böyük əhəmiyyət verildiyini deyən Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Elm və Təhsil Nazirliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda tələbələrin 60 faizi qızlardır ki, onların da 36 faizi peşə təhsili alır. ”Həmin rəqəmin 40 faizə çatdırılması nəzərdə tutulur. Təhsil üçün ayrılan kreditdən qızların 61 faizi istifadə edir”, - deyə o vurğulayıb.

    ECO Təhsil İnstitutunun prezidenti professor Mehmet Akif Kireçci təşkilatın təhsil sahəsinə böyük vəsaitlər ayırdığını diqqətə çatdırıb. Lakin o, problemlərin bununla tamamlanmadığını deyib: “Qadınların 94 faizi orta və digər təhsil pillələrindədir. Dünyada 136 million gənc qız, ümumiyyətlə, təhsil almır. Biz ailələrə də investisiya yatırmalıyıq".

    Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin nümayəndəsi Mihaela Lonescu ötən il COP29-un yüksək peşakarlıqla keçirildiyini, bu il isə Pekin Platformasının ildönümünün qeyd edildiyini deyib. "Bu, çox mühüm bir sənəddir. Qadınlara vəsait ayrılsa, bütün iqtisadiyyat bundan faydalanacaq", - deyə Mihaela Lonescu bildirib.

    Asiya İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov təmsil etdiyi qurumun qadınları hər zaman diqqətdə saxladığını vurğulayıb, zərif cinsin nümayəndələrinin inkişafına yönəlmiş proqramlardan və layihələrdən bəhs edib.

    Panel sessiya müzakirələrlə davam edib.

    Tarix : Dünən, 16:30 | Oxunub: 168