Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Bazel Konvensiyası Katibliyinin və “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə plastik qablaşdırma tullantılarının azaldılması sahəsində innovativ yanaşmaların, sektorlarası əməkdaşlığın və ictimai maarifləndirmə təşəbbüslərinin təşviqi məqsədilə Bakıda “Plastik Tullantıların İdarəedilməsi Forumu” təşkil olunub.
Ekologiya.az bildirir ki, tədbir çərçivəsində müxtəlif sahələrdə mövcud çağırışlar və dayanıqlı həllər, süni intellekt və yeni texnologiyaların tullantıların idarə edilməsində rolu, eləcə də dövlət qurumları, özəl sektor, media və vətəndaş cəmiyyəti arasında qurulan tərəfdaşlıqlar və maarifləndirmə təşəbbüsləri müzakirə olunub.
Tədbirin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və BMT-nin Ətraf Mühit Proqramının regional əlaqələndiricisi Mahir Əliyev çıxış edərək, plastik qablaşdırma tullantılarının, o cümlədən plastik tullantıların azaldılması, təkrar istifadəsi və ətraf mühitə uyğun şəkildə idarə olunmasının vacibliyindən bəhs ediblər. Çıxışçılar mövcud ekoloji çağırışlar fonunda bu sahədə müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və səmərəli institusional əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi prioritet təşkil etdiyini diqqətə çatdırıblar.
Daha sonra Forum öz işini panel müzakirələr ilə davam etdirib. Panel sessiyalar zamanı “Turizm və qablaşdırma tullantıları – sektorun mövcud çağırışları və dayanıqlı həllər”, “Süni intellekt dövründə davamlı tullantı idarəçiliyində innovasiya və texnoloji yanaşmalar”, “Plastiksiz gələcək naminə dairəvi iqtisadiyyatın vacibliyi və sektorlararası tərəfdaşlıqların gücləndirilməsi” mövzuları ekspertlər tərəfindən müzakirə olunub.
Forum, plastik tullantılarla mübarizədə strateji tərəfdaşlıqların qurulması, qabaqcıl təcrübələrin paylaşılması və ictimai iştirakçılığın təşviqi baxımından mühüm platforma rolunu oynayıb.