İyunun 12-də Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda növbəti regional müşavirə keçirilib.

Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə FHN-in, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də digər dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi qarşıdan gələn yay mövsümü ilə əlaqədar meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müşavirədə aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi vurğulanıb.