İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik protokol çərçivəsində deyil, daha geniş geosiyasi və iqtisadi məzmun daşıdığını bir daha nümayiş etdirdi. Bu səfər eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, eləcə də ümumilikdə Türk dünyası ilə əlaqələrinin strateji xarakter aldığını ön plana çıxarır.


Tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və qarşılıqlı maraqlara söykənən Azərbaycan-Türkmənistan münasibətləri müstəqillik illərindən etibarən ardıcıl şəkildə inkişaf edərək bu gün yüksələn xətt üzrə formalaşmış əməkdaşlıq modelinə çevrilib. 1992-ci ildə Türkmənistanın Azərbaycanın müstəqilliyini tanımasından sonra iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika sahələrində əməkdaşlıq davamlı şəkildə genişlənib. Bu gün artıq Azərbaycan–Türkmənistan əlaqələri, sadəcə, ikitərəfli formatla məhdudlaşmır, regionun nəqliyyat xəritəsini formalaşdıran mühüm bir strateji zəncirin tərkib hissəsi kimi çıxış edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 383,7 milyon ABŞ dollarına çatması iqtisadi münasibətlərin real göstəricilərlə möhkəmləndiyini təsdiqləyir.


Qədim İpək Yolunun üzərində yerləşən iki ölkə bu gün həmin tarixi rolunu müasir reallıqlara uyğun şəkildə davam etdirir. Şərq-Qərb nəqliyyat dəhlizinin əsas halqalarından biri kimi Azərbaycan və Türkmənistan Xəzər dənizi üzərindən körpü funksiyası daşıyır. Türkmənbaşı limanından yola salınan yüklərin Xəzər vasitəsilə Bakıya çatdırılması, daha sonra isə Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropa bazarlarına çıxarılması regionun logistika imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq ticarət marşrutlarında da yeni strateji üstünlüklər formalaşdırır.

“Azərbaycanın regionda qonşularla münasibətlərinin müsbət dinamika üzərində daha da möhkəmləndirilməsinə ehtiyac duyulan ölkələrdən biri məhz Türkmənistandır”.

Bu sözləri Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O, qeyd edib ki, Türkmənistanla qonşuluğun digər qonşu ölkələrlə müqayisədə ən mühüm fərqi ortaq resursların ədalətli bölgüsünü zəruri etməsidir: “Bu ortaq resursların səmərəli və ədalətli bölüşdürülməsi isə yalnız inkişaf edən, qarşılıqlı etimada əsaslanan qonşuluq münasibətləri şəraitində mümkün ola bilər.

Bu kontekstdə bəzi neft-qaz yataqları mövcuddur ki, onların Türkmənistanla birgə işlənməsi məsələsi aktuallıq kəsb edir. Buna nümunə kimi “Dostluq” yatağını göstərmək olar. Bu kimi layihələr həm iqtisadi, həm də strateji baxımdan əməkdaşlığın dərinləşməsinə xidmət edir və Xəzər hövzəsində yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır.

Eyni zamanda, Azərbaycan tərəfindən Türkmənistana gəmi hədiyyə edilməsi də əməkdaşlığın praktik və simvolik nümunələrindən biri kimi diqqət çəkir. Perspektiv baxımından bu addımın daha geniş nəticələr doğuracağı, Azərbaycanın hədiyyə etdiyi tanker vasitəsilə Türkmənistan neftinin Bakı üzərindən Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə nəql olunması imkanının yaranacağı ehtimal edilir. Bu isə həmin tankerin mütəmadi şəkildə Bakıya gəliş-gedişini təmin edə biləcək bir logistika zəncirinin formalaşmasına şərait yarada bilər. Çünki həmin infrastruktur Türkmənistan neftinin daşınması üçün real tranzit imkanları təqdim edir”.

Eldəniz Əmirovun fikrincə, burada əsas məqam ondan ibarətdir ki, mövcud potensial hazırkı iqtisadi əlaqələrdən, o cümlədən ticarət dövriyyəsinin göstəricilərindən qat-qat yüksəkdir: “Bu potensialın tam şəkildə reallaşdırılması üçün belə yüksək səviyyəli görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu cür siyasi və diplomatik təmaslar əməkdaşlığın yeni mərhələyə keçidini stimullaşdırır. Eyni zamanda, bu formatda aparılan müzakirələr Türkmənistanın Orta Dəhlizdən, eləcə də perspektivdə Zəngəzur dəhlizindən daha geniş istifadə imkanlarının formalaşmasına da zəmin yaradır. Bu gün Türkmənistan üzərindən daşınan yüklər Xəzər vasitəsilə Bakıya çatdırılaraq Bakı-Tiflis–Qars dəmir yolu ilə Avropaya ötürülür. Gələcəkdə isə Orta Dəhlizin mühüm seqmentlərindən biri kimi Zəngəzur dəhlizi də bu nəqliyyat-logistika sisteminin ayrılmaz hissəsinə çevrilərək regionda yükdaşımaların daha səmərəli təşkilinə xidmət edə bilər”.