İqlim dəyişmələri müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. İstixana qazı tullantılarının artması qlobal temperaturun yüksəlməsinə, quraqlıq, daşqın və digər ekstremal təbiət hadisələrinin intensivləşməsinə səbəb olur. Bu təsirlər qadınlar, uşaqlar və digər həssas qruplar üçün daha ciddi nəticələr yarada bilər.

Qadınlar ailə, təsərrüfat və icma səviyyəsində resursların idarə olunmasında mühüm rol oynadıqları üçün iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfə verə bilərlər. Məişətdə enerjiyə və suya qənaət, enerji səmərəli avadanlıqlardan istifadə, qida israfının və tullantıların azaldılması gündəlik həyatda istixana qazı tullantılarının azalmasına kömək edən əsas addımlardandır.

Kənd təsərrüfatı və heyvandarlıq sahələrində çalışan qadınların suya qənaət edən suvarma üsullarından, ekoloji cəhətdən dayanıqlı istehsal metodlarından və təbii resursların qorunmasına yönəlmiş təcrübələrdən istifadə etməsi də mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, qadınlar iqlim dəyişmələrinin yalnız təsirinə məruz qalan qrup deyil, həm də onunla mübarizədə mühüm dəyişiklik qüvvəsidir. Qadınların maarifləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və qərar qəbuletmə proseslərində iştirakının artırılması istixana qazı tullantılarının azaldılmasına və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər.