Texnologiyanın sürətli inkişafı ilə birlikdə istifadə müddətini başa vurmuş mobil telefonlar, kompüterlər, televizorlar, batareyalar və digər elektron avadanlıqların sayı da ildən-ilə artır. Bu cür elektron tullantıların adi məişət zibilləri ilə birlikdə atılması isə tərkibindəki ağır metallar və zərərli kimyəvi maddələr səbəbindən torpağın, suyun və havanın çirklənməsinə, həmçinin insan sağlamlığına ciddi risklərin yaranmasına səbəb ola bilər.
Elektron tullantıların düzgün toplanması və təkrar emalı həm ətraf mühitin qorunması, həm də qiymətli xammalın yenidən iqtisadi dövriyyəyə qaytarılması baxımından böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Ekologiya.az-a deyib ki, elektron tullantıların həcminin sürətlə artması rəqəmsallaşma dövrünün ən ciddi ekoloji və texnoloji çağırışlarından biri hesab oluna bilər:

“Məişət zibillərindən fərqli olaraq bu tullantılar xüsusi toplama məntəqələrində cəmlənməli, hissələrə ayrılaraq tərkibindəki mis, qızıl, alüminium kimi qiymətli xammallar təkrar emala yönəldilməli, batareya və civəli elementlər isə xüsusi texnoloji üsullarla zərərsizləşdirilməlidir. Bu cihazlar poliqonlara atıldıqda və ya yandırıldıqda tərkibindəki qurğuşun, kadmium və civə kimi toksik maddələr torpağa, yeraltı sulara və havaya sızaraq insanlarda ciddi sinir, böyrək və xroniki xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Azərbaycanda bu sahədə risklərin qarşısını almaq üçün ixtisaslaşdırılmış toplama şəbəkələrinin genişləndirilməsi, təkrar emal üzrə dövlət-özəl tərəfdaşlığı modellərinin təşviq edilməsi və elektronika idxalçıları üçün genişləndirilmiş məsuliyyət mexanizmlərinin tətbiq olunması vacib addımlar kimi dəyərləndirilə bilər”.
Aysel Elnur