• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qərbi Azərbaycan kəndləri – Alaçıqqaya

    14

    fev

    Qərbi Azərbaycan kəndləri – Alaçıqqaya

    Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. 


    AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.


    Alaçıqqaya kəndi Dilican dərəsində, Karvansara rayonu ərazisində, rayon mərkəzindən 28 kilometr cənubda, Tərsa çayının aşağı axarının sahilində meşəlikdə yerləşir.


    Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıb.


    1897-ci ildə kənddə 85 nəfər, 1914-cü ildə 116 nəfər, 1919-cu ildə 166 nəfər azərbaycanlı yaşayıb. 1919-cu ilin yazında erməni daşnakları kəndi vəhşicəsinə dağıdıb, talayıb, əhalinin bir hissəsini qətlə yetirib, sağ qalanları kənddən çıxarıblar. Bölgədə sovet hökuməti qurulduqdan sonra kəndin qaçqın əhalisi geri qayıdaraq orada yaşayıb. 1922-ci ildə kənddə 97 nəfər, 1931-ci ildə 119 nəfər, 1959-cu ildə 183 azərbaycanlı qeydə alınıb.

    Alaçıqqaya kəndi əvvəllər Dilican rayonunun tərkibində idi. İnzibati cəhətdən Dilican şəhərinə (Dilican şəhər sovetliyinə), təsərrüfat baxımından isə ermənilər yaşayan Vəng kəndinə tabe idi. Alaçıqqaya adı sovet dövründə ermənisayağı “düzəlişə” məruz qalaraq erməni tələffüzünə uyğunlaşdırılıb Alaçux qoyulub.

    Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı Alaçıqqaya kəndindən də yan ötməyib, kəndin azərbaycanlı əhalisi erməni qaniçənləri tərəfindən qətl, qarət və qırğınlara məruz qalıb.

    1988-ci ildə Alaçıqqaya kəndi 75 evdən, 375 nəfərdən ibarət idi. Bu vaxt kənddən kənarda yaşayan alaçıqqayalıların sayı isə 125 nəfər olub. Həmin ilin noyabr ayının axırlarında erməni quldur dəstələri kəndə hücum edərək 24 saatın içində camaatı qovub çıxarıblar.

    Hadisələrin şahidi olan Alaçıqqaya kənd sakini Musa Rəhim oğlu İsmayılov yazır: “Noyabr ayının 25-də kənd sovetinin sədri Boris Qriqoriyan və sahə inspektoru Hamlet bizə xəbərdarlıq etdilər ki, kəndi tərk edib getməsəniz, sizin hamınızı qıracaqlar. Sonra isə həmin şəxslər evlərin qapısını sındırıb, erməniləri evlərə doldurdular”.

    Alaçıqqaya kəndinin digər sakini İbrahim Şahnəzər oğlu Qurbanov isə yazır: “Mən noyabrın 27-də milis işçilərinin tələbi ilə ailəmlə birgə evimdən çıxmışam. Evimdən heç nə götürməyə qoymadılar. Ev əşyalarım və mal-qaram orada qaldı”.

    Alaçıqqaya kəndi Darlığın körpüsündən Dilicana, Karvansara və Çəmbərək rayonlarına gedən avtomobil yolunun sağ və sol tərəflərində yerləşirdi. Həmin yollar Tərsa və Ağstafa çaylarının kənarı ilə gedirdi. Qaraqoyunlu dərəsi ilə Dilican dərəsinin və ya Tərsa çayı ilə Ağstafa çayının birləşdiyi yerdən (Darlıqdan və ya Çay qarışandan//Su qovuşandan) 200-300 metr aralı Tərsa çayının üstündəki Taxta körpüdən Polad kəndinin ərazisinə qədər olan sahələr Alaçıqqaya kəndinin ərazisi idi. Alaçıqqaya kəndinin özü isə Darlığın körpüsündən 2 kilometr aralıda yerləşirdi.

    Taxta körpüdən sonra yolun sol tərəfində Quru dərə, Sulu dərə və Qaranlıq dərə adlanan üç dərə Qaraqoyunlu dərəsinə, həmin dərələrlə axan çay isə Tərsa çayına birləşirdi. Darlıqdan Quru dərəyə qədər olan sahə Ağ tarp, Quru dərə ilə Sulu dərənin arası Yepənəkli (Qaranın talası), Qaranlıq dərənin aşağı hissəsində yerləşən sahələr isə Qarataxta adlanırdı. Qaranlıq dərənin qurtaracağından daha yuxarıda, dağlar başında Göyərçin kəndi yerləşirdi.

    Kəndin sağ hissəsini sıldırım qayalar təşkil edirdi, sol tərəfi isə Murğuz dağının dib hissəsinə söykənmişdi. Murğuzun zirvəsinə qalxana kimi meşələrdən və uca qayalardan keçib getmək lazım idi.

    Qaranlıq dərədən sonra gələn, Çəmbərək magistral yoluna yaxın olan sol tərəfdəki sahə Qəbiristanlı cələ adlanırdı. Taxta körpüdən bir azca Alaçıqqaya istiqamətə getdikdə sağ tərəfdə yerləşən Qılınc qaya və Dana qoruğu adlanan yerdən birinci çay və Qoşavəng adlanan yerdən başlayan və Alaçıqqayanın içindən keçən ikinci çay Tərsa çayına birləşirdi. Bu iki çay arasındakı sahə Köhnə kənd yeri adlanırdı.

    Alaçıqqayadan sonra sağ tərəfdə Aşağı Zoğallı, ondan sonra isə Yuxarı Zoğallı adlı sahələr yerləşirdi. Yuxarı zoğallı ilə Tərsa çayı arasındakı sahəyə Qaçaqlar qırılan deyirdilər. Alaçıqqayadan sonra Polad kəndi gəlirdi. Alaçıqqayaya Daşın dibi də deyirlər.

    Kənddə 8 illik, 10 illik axşam məktəbi, tibb məntəqəsi, kitabxana, müasir mağaza, fermalar və s. tikintilər var idi. Kənddə elləzlilər, şahniyarlılar, qurbanlılar, tatarlar tayfaları yaşayırdı.

    Tarix : 14-02-2024, 19:40 | Oxunub: 195