• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerjidir

    03

    apr

    Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerjidir

    Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verib.

    Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

    O qeyd edib ki, dövlətimizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

    “Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması nəzərdə tutulub. Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəql olunmasıdır. Bu sahədə dövlətimiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib”, - deyə deputat bildirib.

    O qeyd edib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda bir neçə su-elektrik stansiyası inşa edilərək istismara verilib.


    “Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planların ardıcıllıqla həyata keçirilməsi də diqqət mərkəzindədir. Azərbaycan ilə bp şirkəti arasında imzalanmış icra müqaviləsinə müvafiq olaraq, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi barədə qərar qəbul olunub. Qarabağ və Şərqi Zəngəzurun 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialı var. Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri məhz bu iqtisadi zonanın payına düşür.

    Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çoxdur. Hər iki bölgənin kiçik çayları böyük hidroenerji potensialına malikdir. Çağdaş dövrümüzdə günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək üçün günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.

    Azərbaycan "yaşıl siyasətlə" bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edir. Ölkəmiz həmçinin, bu istiqamətdə ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyənləşdirib. Günəş və külək enerji istehsalını artırmaq üçün bu sahəyə böyük məbləğdə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Dünyadakı enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, inkişaf etmiş ölkələrdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunması qarşıya qoyulan əsas məqsədir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bu sahədəki fəaliyyətinə böyük hörmət və etimadın bariz nümunəsidir. Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə bundan sonrada öz töhfəsini əsirgəməyəcəkdir”, - deyə M.Cəfərov əlavə edib.



    Tarix : 3-04-2024, 15:10 | Oxunub: 87