Uzun illər yol, abadlıq və kommunal xidmətlərlə bağlı müxtəlif çətinliklərlə üzləşən Göygöl rayonunun sakinləri son illər həyata keçirilən yenidənqurma işlərini yüksək qiymətləndirirlər. Rayonun müxtəlif yaşayış məntəqələrində aparılan abadlıq-quruculuq tədbirləri insanların gündəlik həyatını xeyli asanlaşdırıb. Əməkdaşlarımız Göygöl rayonunun Zurnabad və Kərimli kəndlərində olaraq sakinlərlə həmsöhbət olub. 

Sakinlər Ekologiya.az-a açıqlmasında bildiriblər ki, əvvəllər xüsusilə yağışlı havalarda keçilməsi çətin olan yollar artıq müasir standartlara uyğun şəkildə asfaltlanıb, kənddaxili küçələr yenilənib və gediş-gəliş rahatlaşıb.

Onların sözlərinə görə, Zurnabad-Quşqara yolu uzun illər istifadədə ciddi problemlər yaradırdı. Hazırda isə yolun yenilənməsi həm sakinlərin, həm də bu istiqamətdə hərəkət edən sürücülərin rahatlığını təmin edib. Eyni zamanda Zurnabad kəndinin mərkəzi küçələrinin hamarlanması kənd sakinlərinin uzun illər gözlədiyi layihələrdən biri olub.

Sakinlər Kərimli kəndinə çəkilən yeni yolun da bölgənin inkişafına mühüm töhfə verdiyini bildirirlər. Onların sözlərinə görə, artıq kəndə gediş-gəliş daha təhlükəsiz və rahatdır, bu isə həm yerli əhali, həm də kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün böyük əhəmiyyət daşıyır.

Rayon mərkəzində də abadlıq işləri diqqətdən yayınmayıb. Küçə və prospektlərdə aparılan yenidənqurma işləri şəhərin görünüşünü müasir simaya qovuşdurub. Yeni səkilər, abadlaşdırılan küçələr və yaşıllıq zolaqları rayonun estetik görünüşünü əhəmiyyətli dərəcədə dəyişib.

Sakinlər xüsusilə yaşıllaşdırma işlərini yüksək qiymətləndirirlər. Əkilən ağaclar, salınan parklar və gül kolları rayonun ekoloji vəziyyətinə müsbət təsir göstərməklə yanaşı, insanların istirahəti üçün də daha əlverişli mühit formalaşdırıb.

Kommunal xidmətlərin fəaliyyətində də nəzərəçarpacaq dəyişikliklərin olduğu vurğulanır. Sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən məişət tullantıları vaxtında daşınır, zibil qutuları mütəmadi olaraq boşaldılır və ərazilərdə təmizlik təmin edilir. Bu da küçələrin daim səliqəli saxlanılmasına və antisanitar vəziyyətin yaranmasının qarşısının alınmasına xidmət edir.

Rayon sakinləri bildirirlər ki, Mənzil-Kommunal Təsərrüfatı müəssisəsinin fəaliyyəti əvvəlki illərlə müqayisədə daha operativ və təşkilatlanmış şəkildə həyata keçirilir. Onlar hesab edirlər ki, görülən işlər nəticəsində Göygöl həm yaşayış, həm də turizm baxımından daha cəlbedici rayona çevrilməkdədir.

Sakinlər həyata keçirilən abadlıq və infrastruktur layihələrinə görə Göygöl Rayon İcra Hakimiyyətinə və bələdiyyəyə minnətdarlıqlarını ifadə edərək bildirirlər ki, uzun illər onları narahat edən problemlərin böyük hissəsi artıq öz həllini tapır. Onların fikrincə, yolların yenilənməsi, yaşıllıq sahələrinin genişləndirilməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması və rayonun ümumi abadlaşdırılması insanların gündəlik həyatına müsbət təsir göstərməklə yanaşı, Göygölün simasını da tamamilə dəyişib.

Aysel Muxtar