Rəqəmsal informasiya mühitində operativlik uğrunda rəqabət bəzi hallarda məlumatın dəqiqliyini ikinci plana keçirir. Son dövrlərdə bəzi media qurumları və jurnalistlər tərəfindən hadisə yerinə getmədən, araşdırılmamış və həqiqətə uyğunluğu təsdiqlənməmiş məlumatların yayıldığı hallara daha tez-tez rast gəlinir. Belə xəbərlər qısa müddətdə geniş auditoriyaya çatdırılaraq tirajlansa da, sonradan hadisə yerində aparılan araşdırmalar yayılan informasiyanın reallığı əks etdirmədiyini, faktların isə tamamilə fərqli olduğunu üzə çıxarır.
Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov Ekologiya.az-a açıqlamasında deyib ki, bu məsələyə hüquqi qiymət vermək üçün ilk növbədə yayılan məlumatın məzmununa baxmaq lazımdır:

“Əgər həmin məlumat konkret bir şəxsin şərəf və ləyaqətini alçaldırsa, böhtan xarakteri daşıyırsa və ya hansısa sahibkarlıq subyektinin işgüzar nüfuzuna, iqtisadi fəaliyyətinə və ya maddi maraqlarına zərər vurursa, bu halda hüquqlarının pozulduğunu hesab edən şəxs müvafiq qaydada şikayət etməlidir. Yəni hüquqi məsuliyyət məsələsinin yaranması üçün həmin məlumatın kiminsə qanunla qorunan hüquq və mənafelərinə toxunması vacibdir. Şəxs əsaslandırmalıdır ki, yayılan informasiya ona maddi və ya mənəvi zərər vurub. Əgər belə bir zərər mövcuddursa, o, məhkəməyə müraciət edərək dəymiş ziyanın ödənilməsini, həmçinin həqiqətə uyğun olmayan məlumatın eyni qaydada və publik şəkildə təkzib edilməsini tələb edə bilər. Əksinə, əgər yayılan məlumat heç kimin hüquq və maraqlarına zərər vurmursa, hüquqi məsuliyyət məsələsi fərqli qiymətləndirilə bilər. Bu gün informasiya mühitində müxtəlif əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilir”.
Hüquqşünas qeyd edib ki, məsələn, kimsə tamamilə reallığa zidd bir iddia irəli sürə bilər:
“Təkcə məlumatın həqiqətə uyğun olmaması onun avtomatik olaraq hüquqi məsuliyyət yaratması anlamına gəlmir. Əsas məsələ həmin məlumatın konkret şəxsə və ya hüquqi şəxsə zərər vurub-vurmamasıdır. Əgər söhbət təhqir və ya böhtandan gedirsə, bu artıq qanunvericilikdə ayrıca hüquqi məsuliyyət yaradan hal kimi nəzərdə tutulur. Lakin belə hallarda da, bir qayda olaraq, zərərçəkmiş şəxsin müraciəti və ya şikayəti olmalıdır. Yəni hüquqi prosedurun başlanması üçün hüquqları pozulan şəxsin aidiyyəti orqanlara və ya məhkəməyə müraciət etməsi əsas şərtlərdən biridir".
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəs fikir və söz azadlığına malikdir. Lakin həmin maddədə eyni zamanda qeyd olunur ki, irqi, milli, dini, sosial nifrət və düşmənçilik yaradan təbliğat və təşviqata yol verilmir. Konstitusiyanın 46-cı maddəsi isə hər bir şəxsin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunduğunu təsbit edir. Heç kəsin şərəf və ləyaqəti alçaldıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə qaydasında tələb edə bilər. Məlumatı yayan şəxs onun həqiqətə uyğun olduğunu sübut edə bilmədikdə, həmin məlumatın təkzib olunması barədə məhkəmə qərar qəbul edə bilər. Eyni zamanda, hüquqları pozulan şəxs yayılmış məlumat nəticəsində ona dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsini də tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan cinayət əməli kimi müəyyən edilib. Bu maddəyə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, media subyektində və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 148-ci maddəsində isə təhqirə görə məsuliyyət nəzərdə tutulur. Şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması qanunvericiliklə cəzalandırılan əməl hesab edilir.
Qeyd edilməlidir ki, böhtan və təhqir əməlləri üzrə cinayət təqibi, bir qayda olaraq, zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Beləliklə, Azərbaycan qanunvericiliyinə görə, hər hansı məlumatın həqiqətə uyğun olmaması onun öz-özlüyündə hüquqi məsuliyyət yaratmır. Hüquqi məsuliyyətin yaranması üçün həmin məlumatın konkret şəxsin qanunla qorunan hüquqlarını pozması, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi və ya qanunda nəzərdə tutulmuş digər hüquq pozuntusuna səbəb olması vacib şərtlərdən biridir.
Aysel Muxtar