• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Balakənin təsərrüfatlarında dən üçün qarğıdalı əkininə başlanılıb

    02

    apr

    Balakənin təsərrüfatlarında dən üçün qarğıdalı əkininə başlanılıb

    Bu il Balakən rayonunda dən üçün qarğıdalının əkin sahələri artırılaraq 7 min 825 hektara çatdırılması proqnozlaşdırılır. Bir neçə gündür ki, rayonun Qazma, Hənifə və Şərif kəndlərinin ərazilərindəki təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 150 hektaradək sahəyə qarğıdalı əkiblər.


    Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

    Sektor müdiri bildirib ki, təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldarlığı ilə seçilən toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.

    Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır.

    Ötənilki mövsümdə balakənli fermerlər 7 min 819 hektar sahədən 52 min 332 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 66,9 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1664 ton artıb.

    Tarix : 2-04-2024, 14:30 | Oxunub: 81