• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şuşa, sən həmişə bizimsən…

    08

    may

    Şuşa, sən həmişə bizimsən…

    1992-ci il mayın 7-dən 8-nə keçən gecə... Ermənilərin Şuşaya son hücumu. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.

    Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

    Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.

    Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.

    Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirmişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

    … Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi"dir. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı.

    Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Qarabağ Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdu.

    Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsinə tam nəzarəti ələ keçirmişdi. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdular. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdı. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdi ki, erməni qüvvələri sonradan - 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdı. Fransanın"Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdi.

    Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdu. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdi. Amma Ermənistan rəhbərliyi bunu təkzib etmişdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdi.

    Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir.

    Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdı.

    ... Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb.

    28 oktyabrda Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Arayik Arutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5 kilometr uzaqlıqda olduğunu etiraf etmişdi. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib.

    Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdi. Ertəsi gün Xankəndindəki xunta Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı.Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.

    ... Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri - Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi.

    Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

    Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdu.

    Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.

    Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir.

    Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdi.

    .. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.

    30 ilə yaxın erməni işğalında qalan bu qədim şəhərin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində bu gün genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Vətən müharibəsindən iki ay sonra ilk dəfə 2021-ci il yanvar ayının 14-də Şuşaya səfər edən dövlət başçımız Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoymuş və yolun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşasının nəzərdə tutulduğunu bildirmişdi. Həmçinin, Füzuli hava limanı ilə əlaqələndiriləcək bu yoldan İsa bulağına yeni yolun çəkiləcəyinin də nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra turistlərin Şuşaya və xarici qonaqların Füzulidən Şuşaya çox rahatlıqla gələ biləcəklərini demişdi. 2021-ci ilin "Şuşa İli" elan olunduğunu deyən dövlət rəhbərimiz qısa müddət ərzində Şuşada böyük quruculuq işlərinə start verildiyini və bununla da Böyük Qayıdışın başlandığını bəyan etmişdi. Şuşaya 39 il öncə yanvar ayının 14-də gələn Prezident İlham Əliyev 2021-ci ilin həmin günündə Şuşada olduğunu və bundan sonra Azərbaycan xalqının bu qədim torpağımızda əbədi yaşayacağını bildirmişdi.

    2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Şuşa şəhərində rəsmi olaraq qarşılamışdılar. Həmin gün dövlət başçıları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Türkiyə ilə Azərbaycanın uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığını, əbədiliyini özündə ehtiva edən Şuşa Bəyannaməsi həmişə bir yerdə olan və bir-birinin təhlükəsizliyini təmin edən iki dost və qardaş ölkənin 1921-ci ildə bağlanmış tarixi Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Ölkələrimiz arasında mövcud olan münasibətləri yeni müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi bundan sonrakı əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsində, bütün sahələr üzrə - siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensialların birləşdirilməsində mühüm rol oynayır. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" hər iki dost, qardaş ölkənin bundan sonra da türk dünyasının birliyi, həmrəyliyi naminə birgə fəaliyyətlərini daha da möhkəmləndirəcəklərini təcəssüm etdirir. Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi tarixən mövcud olan və heç bir zaman sarsılmayan dostluq, qardaşlıq münasibətlərinin təsdiqidir. Regionda yeni siyasi-iqtisadi münasibətlərin təməlini qoyan, yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyasının inkişafına, təhlükəsizliyinə və əməkdaşlığa etibarlı zəmin yaradan Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin açılmasını və bununla da nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını da nəzərdə tutur ki, bu da iqtisadiyyatın şaxələndirilməsində mühüm amildir.

    Dövlət başçımızın Şuşada səsləndirdiyi tarixi bəyanatı xatırlayaq: «Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".

    Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə bərpa-quruculuq, yenidənqurma işləri aparılır. 30 il düşmən əsarətində qalmış yurd yerlərimiz abadlaşır, bu yerlərə yeni nəfəs, daha gözəl, daha firavan həyat qayıdır. Dövlətçilik tariximizdə xüsusi yeri olan qədim torpağımız, baş tacımız, Qarabağ xanlığının mərkəzi olan Şuşa da ölkə başçımızın dediyi kimi, dirçəldilir.

    Şuşaya Böyük Qayıdışın bu gün - 8 may tarixində gerçəkləşəcəyi gözlənilir.

    32 il öncə 8 may tarixində işğal olunan, illər sonra ordumuz tərəfindən azad edilən mədəniyyət paytaxtımıza qayıdışın bu təqvimə salınmasının mənəvi anlamını yəqin ki, izah etməyə heç gərək də yoxdur.

    Prezident İlham Əliyevin tapşırığı əsasında, Böyük Qayıdışın Şuşa üzrə ilkin mərhələsinin reallaşması üçün demək olar ki, hər şey hazırdır.

    Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.

    Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.

    Şuşa həyata qayıdır...

    Elçin Alıoğlu

    Tarix : 8-05-2024, 10:34 | Oxunub: 96