• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

    13

    may

    Nazir müavini: Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

    Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq şəffaflığa dair iki illik hesabatı (BTR) COP29-dək təqdim olunacaq.

    Ekologiya.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

    "Hazırda Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq iki illik hesabatı hazırlanır və COP29-dək təqdim olunacaq. Bu, Azərbaycanın iqlim sahəsində öhdəliklərin icrasına sadiqliyini əyani şəkildə nümayiş etdirir", - deyə o bildirib.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

    Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

    BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

    Tarix : 13-05-2024, 12:52 | Oxunub: 1 660