Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanmasında əldə edilmiş nailiyyətlərdə milli məfkurəyə bağlı elmi əsaslı idarəetmənin və ölkənin elmi potensialının rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi sahəsi 893 min hektara çatdırılan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı ekosistemləri, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır.
Ekologiya.az xəbər verir ki, bu fikirlər Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndər Heydər Əliyevin rolu" və “Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və “yaşıl texnologiyaların” tətbiqi” mövzularında keçirilən elmi-praktiki konfransda səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda rayon rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Dövlət Universitetinin nümayəndələri, QHT nümayəndələri, ekoloqlar və rayon ictimaiyyəti iştirak edib. Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Ulu Öndərin həyatını əks etdirən rəsm sərgisinə baxış keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin 25 dekabr 2023- cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi hər kəsi həmrəyliyə çağırır, yaşadığımız mühitə qarşı diqqətli olmağa səsləyir, təbiətin qorunmasının vacibliyini yada salır.
Elmi-praktiki konfrasda biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpası, Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri və digər mövzular haqqında müzakirələr aparılıb.