• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ABŞ Dövlət Departamenti və Beynəlxalq Enerji Agentliyindən COP29-un əhəmiyyətinə dair AÇIQLAMA

    07

    iyn

    ABŞ Dövlət Departamenti və Beynəlxalq Enerji Agentliyindən COP29-un əhəmiyyətinə dair AÇIQLAMA

    Bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə beynəlxalq iqlim siyasətinin mərkəzi arenasına çevriləcək. Bu tədbir dünya ictimaiyyətində yüksək gözləntilər doğurur, belə ki, bir çoxları bunu iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi üzrə konkret addımların atılması üçün imkan olaraq görür. Aparıcı dövlətlərin liderləri və beynəlxalq təşkilatlar iqlim dəyişikliyinin təsirini azaltmaq üçün birgə səylərlə səmərəli mexanizmlər və təşəbbüslər hazırlamaq məqsədilə Azərbaycanla əməkdaşlığa hazırdır. Azərbaycanda keçiriləcək COP29 planetin mühafizəsi və müasir dövrün ən mühüm problemlərindən biri ilə mübarizə üzrə qlobal səylərdə irəliyə doğru atılmış qətiyyətli addımı simvolizə edir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxışında dediyi kimi, Azərbaycan COP29-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni öz üzərinə götürərkən bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edir.

    "Ancaq biz bu məsələyə sadiqik. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfıra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil", - dövlət başçısı deyib.

    Prezident İlham Əliyev qeyd edib ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır.

    "Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

    Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik", - deyə dövlət başçısı əlavə edib.

    ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Bakı Enerji Həftəsinin Kuluarlarında Trend-ə özəl müsahibəsində dediyi kimi, COP29 bütün dünyada iqlim dəyişiklikləri ilə mübarizəyə investisiya qoymaqla bağlı yeni paradiqmanı reallaşdırmaq üçün mühüm imkandır.

    Foto: ABŞ Dövlət Departamenti

    "Azərbaycan COP29-a ev sahibliyi edən ölkə olaraq metan emissiyalarına qarşı mübarizədə COP28-in stimulunu davam etdirmək üçün real imkanı var. Metan emissiyaları qlobal istiləşməni CO2-dən 80 dəfə çox artırdığından, təkcə ekoloji təhdid deyil, həm də israf edilmiş iqtisadi resursdur. Azərbaycan bu ilin əvvəlində Qlobal Metan Öhdəliyinə qoşulmaqla COP-a ev sahibliyi edən ölkə olaraq real liderlik nümayiş etdirdi. Neft-qaz şirkətləri ilə tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edəcək, belə ki, qazıntı enerji sektoru bütün sahələrdə metan emissiyalarını azaltmaq üçün ən böyük, sürətli və ucuz potensiala malikdir", - o deyib.

    Kamianın fikrincə, COP29-un daha bir əsas prioriteti COP28-in Qlobal yekun sənədi qəbulu üzrə irəliləyişin əldə edilməsi olacaq.

    "Buraya 2030-cu ilə qədər bütün dünyada enerji sistemlərində qazıntı yanacaqlarından imtina, bərpa olunan enerji mənbələrindən enerji istehsalının üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılması üzrə səylər daxildir. Hərçənd 1,5 dərəcə Selsi hədəfi əlçatanlıq hüdudlarında saxlamaq üçün hələ mühüm işlər görməliyik, COP28 bizə irəliyə doğru mühüm addım atmağa imkan verdi. COP29, həmçinin, bütün dünyada iqlim dəyişikliyi ilə mübarizəyə investisiyaların artırılması səylərinə diqqət yetirəcək. İqlim böhranı ilə mübarizə üçün bütün - yerli və beynəlxalq, dövlət və özəl - maliyyə mənbələrindən istifadə etməliyik", - o deyib.

    Kemian qeyd edib ki, COP29 danışıqlarının ən mühüm nəticəsi inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə dəstək vermək üçün inkişaf etmiş ölkələrin hər il 100 milyard ABŞ dolları ayırmaq öhdəliyini əvəz edəcək yeni hədəf barədə razılaşma olacaq.

    "Bu danışıqlar qlobal iqtisadiyyatın və özəl sektorun bütün qüvvələrindən istifadə etmək üçün ictimai dəstəyə əsaslanaraq, bütün dünyada iqlim dəyişiklikləri ilə mübarizəyə investisiyaların yeni paradiqmasını hazırlamaq üçün mühüm imkandır", - o deyib.

    Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi üzrə nəhəng potensiala malikdir. ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı və Bakı Enerji Həftəsinin uğurlu keçməsini arzuladığı məktubda dediyi kimi, "Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər".

    "ABŞ "təmiz" enerjiyə keçid üzrə ikitərəfli əməkdaşlığı genişləndirməyə çalışır, çünki biz hər ikimiz dekarbonizasiyaya doğru iddialı yolumuzda gedirik. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun fevral ayında ABŞ-nin Kolorado ştatındakı Bərpa olunan enerjinin araşdırılması üzrə Milli Laboratoriyasına səfəri bərpa olunan enerji üzrə ikitərəfli əməkdaşlığımızın necə inkişaf etdiyini göstərən möhtəşəm nümunədir.

    Azərbaycan getdikcə daha çox bərpa olunan enerji mənbələrindən istifadə etdiyindən, ABŞ bu mənbələrin Azərbaycan vətəndaşlarının və onun hüdudlarından kənarda yaşayan şəxsləri dərhal etibarlı elektrik enerjisi ilə təmin etməsinə zəmanət vermək üçün tərəfdaş olmağa hazırdır", - deyə o əlavə edib.

    O, həmçinin, hesab edir ki, bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsi və enerji səmərəliliyinin artırılması bir çox üstünlüklər gətirəcək: Azərbaycanın COP üzrə öhdəliklərinə uyğun olaraq ölkədə karbon qazı emissiyalarının azaldılması, yeni investisiyalar və ya əlaqədar tullantılar olmadan olmadan ixrac üçün daha çox qazın sərbəst buraxılması, eləcə də, enerji növlərinin şaxələndirilməsi hesabına Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi.

    "Yaşıl" gündəliyin təşviqinin təkanverici qüvvəsi olan Beynəlxalq Enerji Agentliyi (BEA) də COP29-a və iqlim böhranı ilə mübarizə üzrə qlobal səylərin qəbulunda Azərbaycanın liderliyinə böyük ümidlər bəsləyir.

    Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun Trend-ə özəl müsahibəsində dediyi kimi, COP29 Azərbaycanda və onun hüdudlarından kənarda "təmiz" enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər.

    Foto: Fatih Birol/X

    "COP-un iclasları bütün dünyada keçirilən beynəlxalq sammitlərdir. COP-un bir neçə iclasında iştirak etmək imkanım oldu. COP29 ilə bağlı mənim Azərbaycanın sədrliyindən bir sıra gözləntilərim var. Birincisi, bərpa olunan enerji, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması üzrə COP28-in yaxşı nəticələrini gücləndirmək.

    İkincisi, ümid edirəm ki, bütün dünyada təmiz enerjiyə keçid üçün çox vacib bir mövzu, yəni təmiz enerji keçidinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. Ölkələr qarşıdakı illərdə emissiyaları azaltmaq üçün yeni öhdəliklər götürməyə hazırlaşır. Ümid edirəm ki, Azərbaycanın sədrliyi buna yaxşı zəmin yaradacaq

    Hökumət tərəfindən də siyasi qətiyyətin olduğunu görürəm. Azərbaycan bütün dünyada iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verməklə təmiz enerjiyə keçidini dəstəkləmək üçün addımlar ata biləcək. Azərbaycanın regionda öz liderliyini nümayiş etdirmək üçün çox böyük imkanı var. Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən COP29-un prezidenti və onun həmkarları, xarici işlər və iqtisadiyyat nazirləri ilə müzakirələrdə gördüm ki, onlar öz işlərini mükəmməl şəkildə yerinə yetirmək əzmindədirlər", - Birol deyib.

    O, BEA-nın COP28-in uğurla keçirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinə dəstək verdiyi kimi, Azərbaycana da dəstək verməyə hazır olduğunu vurğulayıb.

    Beləliklə, COP29 iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacaq. Ev sahibi ölkə və konfrans iştirakçıları iqlim risklərinin azaldılmasına və dayanıqlı inkişafın təmin edilməsinə yönəlmiş yeni mexanizm və təşəbbüslər hazırlamağa çalışacaq. COP29-un Bakıda uğurla keçirilməsi planetin mühafizəsi üzrə qlobal səylərdə irəliyə doğru atılmış mühüm addım olmaqla, gələcək nəsillər üçün ətraf mühitin qorunması üzrə uzunmüddətli strategiya və tədbirlər üçün əsas təşkil edəcək.

    COP29 beynəlxalq iqlim siyasətində ən mühüm hadisədir. Beynəlxalq ictimaiyyət bu tədbirə böyük ümidlər bəsləməklə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə konkret tədbirlərin görülməsini gözləyir. Bərpa olunan enerji mənbələri sahəsində mühüm potensiala malik Azərbaycan öz liderliyini və qlobal iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirə bilər.

    X: @Lyaman_Zeyn

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 7-06-2024, 19:21 | Oxunub: 1 616