İyulun 3-də Qusar və Siyəzən rayonları ərazisində genişmiqyaslı təmizlik-abadlıq işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarda təşkil olunan təmizlik aksiyası çərçivəsində Qusarçayın sahilboyu ərazisi məişət tullantılarından və müxtəlif növ ətraf mühitə zərər verə biləcək materiallardan təmizlənib. Bu məqsədlə keçirilən aksiyada əraziyə 5 iri tonnajlı yük avtomobili, 3 ekskavator cəlb olunub. Qusar Mənzil-İstismar İdarəsi və Kommunal Müəssisələr Kombinatının 100-ə yaxın əməkdaşı, eləcə də könüllülər bu təşəbbüsə qoşulublar.
Siyəzəndə isə rayon ərazisindən axan Ataçay və Gilgilçayın sahillərində və yataqlarında növbəti təmizlik işləri görülüb. Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilərək çay sahələri məişət tullantılarından təmizlənib.