BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir.
Bunu “Report”a müsahibəsində İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi, professor Françesko Korvaro deyib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil olunan COP28 kimi asan olmayacaq:
“Lakin Nayrobidə Azərbaycanın COP29 komandası ilə görüş bizə iddialı məqsədlərin uğurla həyata keçirilməsinə ümid etməyə imkan verir”.
“Azərbaycan (Azərbaycan Hökuməti) COP29 Təşkilat Komitəsinin nümayəndələrinin qətiyyətinin şahidi olduğum üçün inanıram ki, biz COP28-in nailiyyətlərinə əsaslanan iddialı nəticələrə nail ola bilərik. Hər zaman yadda saxlamaq lazımdır ki, dayanıqlı gələcəyə yalnız hazırkı dövrdə ekoloji, sosial və iqtisadi baxımdan davamlılığın təmin olunması yolu ilə nail olmaq olar”, - F.Korvaro vurğulayıb.
O qeyd edib ki, COP28-in nailiyyətlərinə əsaslanan və Braziliyada keçiriləcək COP30-a doğru irəliləyən COP29-da ilk növbədə iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərə diqqət yetiriləcək:
“COP-un rolu bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlılığını və diqqətini artırmaq və Dubayda keçirilən COP28 kimi, iqlim dəyişikliyi ilə mübarizə yollarını müəyyən etmək və gələcək illərdə mənfi təsirləri minimuma endirməkdir. Bu, həm də o deməkdir ki, qarşıdakı illərdə qaçılmaz olaraq bizə mənfi təsir göstərəcək əlverişsiz və dağıdıcı hava hadisələrinin təsirlərinə hazırlaşmaq üçün tədbirlər görülməlidir”.
F.Korvaro söyləyib ki, hər bir COP-un əsas vəzifəsi tamamilə fərqli şəraitdə yaşayan xalqlar üçün ümumi həll yoluna nail olmaqdır, amma bu, çox çətin məsələdir:
“Bu baxımdan, Dubayda keçirilən COP28-in nəticələri mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Çünki bu konfransda ilk dəfə olaraq qalıq yanacaqların istifadəsinin mərhələli şəkildə dayandırılması zərurəti vurğulanıb”.
Xüsusi elçinin fikrincə, iqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatına təsiri ildən-ilə artdığına görə bunun qarşısını almaq üçün mümkün qədər tez bir zamanda tədbirlər görmək lazımdır: