Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) COP29 öncəsi Azərbaycanın biznes və dövlət strukturlarına köməklik göstərməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə bu gün Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.
O, Azərbaycanın "yaşıl" iqtisadiyyatında ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadənin əhəmiyyətindən danışıb.
İcraçı direktorun sözlərinə görə, mərkəz Azərbaycanda ən son texnologiyalar üzrə 16 təşəbbüs həyata keçirməkdədir.
"Bakıda "yaşıl" binaların layihələndirilməsinə, günəş panellərinin istehsalı üçün nanotexnologiyanın tətbiqinə, müasir su təmizləmə və şirinləşdirmə sistemlərinə maraq var. Bakıda "Next Generation Technology Centre" yaradılıb", - deyə o vurğulayıb.
F.Cəfərov mərkəzin enerji keçidi prosesləri ilə bağlı Azərbaycan hökuməti ilə daima qarşılıqlı əlaqədə olduğunu bildirib.
"COP29 öncəsi Azərbaycanın biznes və dövlət strukturlarına əlimizdən gələn köməkliyi göstərməyə hazırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.