Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Gəncə Nəbatat bağı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə Gəncədə “İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması” mövzusunda forum keçirilib. Tədbirdən öncə Dendrologiya İnstitutunun elmi nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub. Sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı videoçarx nümayiş edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.
Qeyd olunub ki, forumun keçirilməsində əsas məqsəd bioloq alimlərin, tələbələrin, meşəçilərin bir araya gəlməsi ilə təbiət elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etməkdir.
Dendrologiya İnstitutunun direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan forumda 11 müəssisədən nümayəndələrin iştirak etdiklərini bildirib. O, çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji problemlərinin həllinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşdığını qeyd edib, forumun elmi müəssisələr arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini vurğulayıb. Alim işğaldan azad olunmuş ərazilərdə Dendrologiya İnstitutu tərəfindən nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin mühafizəsi, elmi-praktiki əsaslarla işlənilməsi, bərpası məsələlərindəndə söhbət açıb: “Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Dendrologiya İnstitutunun üzərinə də böyük məsuliyyət düşür.
Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və əzm tələb edir. Dendrologiya İnstitutunun əməkdaşları iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini dərk edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayır. Dendrologiya İnstitutu əməkdaşları iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə işlərimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirlər”.
Daha sonra institutun Bitki ehtiyatları şöbəsinin müdiri professor Aynur Bayramova və Göygöl Milli Parkının direktoru Fuad Quliyev çıxış ediblər.
Forum təbii floranın müasir vəziyyəti və növ müxtəlifliyi, ekoloji amillərin - işıqlanma, istilik və rütubətin bitki örtüyünə təsiri, sənaye çirkləndiriciləri və texnogen amillərin bitkilərə təsiri, iqlim dəyişkənlikləri və bitkilərdə uyğunlaşması istiqamətlərində məruzələrlə davam edib.