• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı çağırışlara qoşulan ölkələr sırasındadır

    23

    dek

    Azərbaycan qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı çağırışlara qoşulan ölkələr sırasındadır

    Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində ekologiya, ətraf mühitin qorunması prioritet istiqamətlərdən biridir. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan təbiətinin qorunması istiqamətində atdığı mühüm addımlar hər birimizə məlumdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Amma bir reallıqdır ki, hazırda ətraf mühitin mühafizəsi qlobal problemə çevrilib. Bu gün bütün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal çağırışdır. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
    Azərbaycan dövləti ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində müvafiq qanunlar qəbul edib, dövlət proqramları təsdiq edilib, dövlət başçısı tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. Görülən işlər nəticəsində ekologiyamızın, təbiətin və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Bilirsiniz ki, ölkəmizdə milli parkların, qoruqların sayı artırılıb, meşə massivləri genişləndirilib, sənayenin atmosferi çirkləndirməməsi üçün müasir texnologiyalar tətbiq edilir və s.

    “Hazırda bütün dünyada qlobal istiləşmənin, ekologiyanın xeyli dərəcədə çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması ciddi narahatlıq doğurur. Getdikcə daha təhlükəli hal alan qlobal təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərini gücləndirmələrini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Prezident İlham Əliyevin də iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti problemin həll yollarının müzakirəsi baxımından vacib platforma oldu. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi həqiqətən də, Azərbaycanın bu sahədə fəal təşəbbüslərinin və ortaya qoyduğu ciddi nəticələrin dünya birliyi tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisidir”, - deyə deputat bildirib.

    Azərbaycanın uzun illər ekoloji terrora məruz qalmış ölkə olduğunu vurğulayan F.Yıldırım qeyd edib ki, ermənilər uzun müddət işğal etdikləri ərazilərimizdə təbii sərvətlərimiz talan olunub, ərazilər yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektardan çox meşə məhv edilib. Bütövlükdə, Ermənistan tərəfindən regionun ekoloji durumuna böyük zərər vurulub. Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil edilmiş nadir, sayı kritik həddə çatan bitki və heyvan növləri məhv olub. Ekoloji terror nəticəsində heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.

    Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi zamanı da ermənilər döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd ediblər. Şuşa meşələrinə zəhərli, söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulması, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən evlərin yandırılması, meşələrin məhv edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazilərində su ehtiyatlarının çirkləndirilməsi, radioaktiv tullantıların sulara axıdılması da erməni barbarizminin nümunəsi – ekoloji terror siyasətinin göstəricisidir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu, Ermənistanın bəzi transmilli şirkətlərlə birlikdə törətdiyi beynəlxalq cinayətdir.

    Fatma Yıldırım qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın – dayanıqlı və layiqli məskunlaşmanın təmin olunması mühüm strateji prioritetlərdən biridir. Görülən işlər genişmiqyaslı olmaqla yanaşı, həm də çoxşaxəlidir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, ekoloji tarazlığın təmin olunması ilə əlaqədar bərpa işlərinin görülməsi də əsas vəzifələrdən biri kimi müəyyən edilib. Bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə, xüsusi mühafizə olunan ərazilərin infrastrukturunun yaxşılaşdırılması və meşəbərpa işləri ilə bağlı yerli və xarici təşkilatlarla birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

    Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” siyasətinin həyata keçirildiyini diqqətə çatdıran deputat həmin ərazilərdə yeni meşələr salındığını deyib.

    Yeni milli parkların yaradılması məsələsinə toxunan F.Yıldırım bu işlərin sistemli şəkildə aparıldığını bildirib və işğaldan azad edilmiş ərazilərdə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə görülən işlərin əhəmiyyətini qeyd edib: “Fondun reallaşdırdığı layihələrin məqsədi ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ bölgəsinin və ümumilikdə ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan əməkdaşlıq Memorandumu çərçivəsində görülən və görülməsi nəzərdə tutulan işlər yaşıllığın artırılması, heyvan və quş növlərinin reabilitasiya edilərək təbiətə qaytarılması və digər bu kimi məqsədlərə yönəlib. Nəticə etibarilə, Azərbaycan dövlətinin ekoloji siyasəti, o cümlədən quruculuq tədbirləri Qarabağın yenidən qurulmasına, dirçəlməsinə, cənnət-məkana, dünyanın ən gözəl guşələrindən birinə çevrilməsinə, eləcə də ekoloji tarazlığın qorunmasına və respublikamızın “yaşıl artım” ölkəsi kimi inkişafına müstəsna töhfə verəcək”,-deyə Fatma Yıldırım bildirib.
     

    Tarix : 23-12-2023, 10:00 | Oxunub: 2 301