Bəsitçay Dövlət Təbiət Qoruğu Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə yaradılıb. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.
Ekologiya.az xəbər verir ki, qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir və sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 metrə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanıb. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir.