• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün - FOTO

    04

    may

    Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün - FOTO

    Hikmət Babaoğlu: “Nazirlər Kabineti  tərəfindən bu qərarlar qəbul olunarsa, o zaman bu prosesi daha sürətlə həyata keçirmək olar”

    “İlin sonunadək Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinə köçürülmə prosesinə başlanacaq”. Bunu “Xalq qəzeti”nə müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. 

    Onun sözlərinə görə, ilin sonuna kimi 20 min nəfərin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır. “Köçürülmə prosesi 27 yaşayış məntəqəsini - 20 kənd və qəsəbəni, 7 şəhəri əhatə edəcək. Yaxın vaxtlarda Şuşada, eləcə də Xocalı, Cəbrayıl, Kəlbəcər və Zəngilanda köçürülmə prosesinə başlanılacaq. İlin sonuna qədər işğaldan azad edilmiş bütün ərazilərə köçürülmə prosesinə başlanılacaq”, - deyə sədr müavini qeyd edib.

    Şübhə yox ki, Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı üçün mümkün hər şeyi edir. Ancaq dövlətdən asılı olmayan amillər də var. Onların önündə ərazilərin minalardan təmizlənməsi problemi gəlir. Bütün hallarda Böyük Qayıdışın son tarixi və ya ili təxmini məlumdurmu? Prosesi necə sürətləndirmək olar? 

    Yeri gəlmişkən,  Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövləti Komitəsindən isə bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.

    Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb. Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.

    Hikmət Babaoğlu: Operativ Qərargah nəyə görə quru sərhədlərinin açılmasını  istəmir?

    Hikmət Babaoğlu 

    Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, azad edilmiş yurdlarımızda məskunlaşmaq üçün Azərbaycan dövləti xüsusi proqram qəbul edib və artıq işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin, rayon mərkəzlərinin Baş planı hazırlanıb, məskunlaşacaq kəndlər müəyyənləşib və bu proses davam edir: “2024-cü il Böyük Qayıdışda yeni bir  mərhələ yaradır. Çünki 2024-cü ildə işğaldan azad olunmuş bütün rayonlarımızda məskunlaşma baş tutacaq. Beləliklə, yurd yerlərinə qayıdışın tamamilə yeni bir mərhələsi başlayacaq. Artıq 30 il işğalda qalan hər hansı bir rayonumuza getsək, orada yaşayış və məskunlaşma prosesinə şahidlik edəcəyik. Əlbəttə, bu prosesə ermənilərin mina terroru mane olur. Azərbaycan məskunlaşma prosesini, eləcə də məskunlaşmış ərazilərdə minaların təmizlənməsi prosesini heç kimdən yardım almadan, dövlət büdcəsi hesabına həyata keçirir. Bu həm Böyük Qayıdışı maliyyə baxımından, həm də təhlükəsizlik baxımından çətinləşdirir. Bununla da bir daha bu prosesdə erməni vandallarının etnik nifrətinin hansı səviyyədə olduğunu çox aydın görmüş oluruq. Bunu bütün dünya da görür”. 

    Deputat əlavə edib ki, tam məskunlaşma üçün dövlətin resursları o qədər yetərli olmaya bilər: “Şübhəsiz ki, birinci mərhələdə məskunlaşdırılmış ərazilərdə kommunikasiyaların bərpa olunması, yolların çəkilməsi, iş yerlərinin açılması, inzibati binaların tikilməsi, xidməti binaların tikilməsi tibbin, səhiyyənin, poçt xidmətlərinin, su və enerji mənbələrinin əlçatan edilməsi kimi ən çətin işlər dövlət tərəfindən həyata keçirilir. Ancaq bu vasitələrlə məskunlaşmanı tam və qısa vaxtda həyata keçirmək olmaz. Bütün bu proseslər, təhlükəsizlik tədbirləri görüldükdən sonra özəl sektorun, xarici investorların və imkanlı vətəndaşların bu prosesə cəlb olunması mərhələsi başlaya bilər. Mənə elə gəlir ki, buna mane olacaq yeganə səbəb təhlükəsizliklə bağlıdır. Çünki təhlükəsizlik tədbirləri, minalardan təmizlənmə işləri keçirilmədən özəl sektoru və vətəndaşları işğal altında olan ərazilərimizə buraxılması onların həyatı üçün, həm də yatırımları üçün təhdid yarada bilər. Bu mərhələ arxada qaldıqdan sonra özəl sektorun və ayrı-ayrı vətəndaşların bu prosesə xüsusi qaydada cəlb olunması məskunlaşmanı daha da sürətləndirə bilər. Xüsusi qaydaya gəldikdə isə, bunun üçün ya ayrıca qanunlar qəbul etmək lazımdır, ya da bu, Nazirlər Kabinetinin qərarları ilə də tənzimlənə bilər. Nazirlər Kabineti  tərəfindən bu qərarlar qəbul olunarsa, o zaman bu prosesi daha sürətlə həyata keçirmək olar”.

    Yada salaq ki, 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Bakı keçən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirləri” elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

    “Yeni Müsavat”

    Tarix : 4-05-2024, 15:51 | Oxunub: 126