• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yolları qana boyayan telefonla selfi və dodaq boyası...

    07

    mar

    Yolları qana boyayan telefonla selfi və dodaq boyası...

    Sürücülərin daha bir düşməni şelfidir

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir: “Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki, belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur”. 

    Təhlükənin miqyasını nəzərə alan qurum maarifləndirici videoçarx da hazırlayaraq təqdim edib. 

    “İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub”, - məlumatda qeyd olunub.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir. Bildirilir ki, qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir. Bundan əlavə, kişilər qadınlara nisbətən yol qəzalarına daha çox məruz qalırlar. Qəzalarda həyatını itirənlərin təxminən dörddə üçü 25 yaşdan aşağı kişilərdir. 

    Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti, 93 faizi dünya avtomobillərinin təxminən 60 faizinə sahib olan aşağı və orta gəlirli ölkələrdə baş verir. Yol-nəqliyyat hadisələrinin 26%-i yüksək sürət səbəbindən baş verir. Qəzaların yüzdə 9-u telefondan istifadə kimi diqqəti yayındıran davranışlardan qaynaqlanır.

    Avropadakı ən çox yol qəzalarında ölənlər Rumıniyadadır. Onlayn statistika portalının məlumatına görə, 2021-ci ildə Rumıniyada hər 1 milyon nəfərdən 93-ü yol qəzaları nəticəsində dünyasını dəyişib. Bu rəqəm Bolqarıstanda 81, Latviyada 78, Monteneqroda 72, Polşada 59, Yunanıstanda 57 nəfərdir.

    ABŞ yüksək gəlirli ölkələr arasında ən çox ölümlə nəticələnən qəzaların baş verdiyi ölkədir. 2022-ci ilin birinci rübündə ölkədə qəza nisbətləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu ilin ilk 3 ayında ABŞ-da yol qəzalarında ölənlərin sayı ötən illə müqayisədə 7 faiz artaraq 9500-ə çatıb.

    Türkiyədə 2023-cü ildə 1 milyon 186 min 353 yol qəzası baş verib, bunun 187 min 963-ü ölüm və yaralanma ilə nəticələnib. Qəzalarda həyatını itirənlərin 47,6 faizini sürücülər, 30,3 faizini sərnişinlər, 22,1 faizini isə piyadalar təşkil edib. Bundan başqa, həyatını itirənlərin 70,5 faizini kişilər, 29,5 faizini isə qadınlar təşkil edib. Hadisələrin 87,1 faizi sürücülərin səhvi ucbatından baş verib.

    Sükan arxasında mobil telefondan istifadə Azərbaycanda olduğu kimi bir çox ölkələrdə də qadağandır. Buna baxmayaraq hələ də sürücülərin əksəriyyəti bir əllə avtomobil idarə edərək mobil telefonla danışır. Qaydalara bu tərzdə məhəl qoymamaq qəzalara səbəb olur, xüsusilə piyadaların vurulması ilə nəticələnir.

    Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

    Natiq Ələsgərov 

    “Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov deyir ki, cərimə məbləğləri bu məsələdə təsirli vasitə olsa da, sürücülərin daha məsuliyyətli olması üçün daha ciddi addımlara ehtiyac var: “Əlbəttə ki, məsuliyyətli sürücü sükan arxasında heç vaxt diqqətini yayındıracaq məqamlara əhəmiyyət verməyəcək. Hətta təcili zəng daxil olsa belə zəngi cavabsız qoyacaq və ya avtomobilini yolun kənarında saxlayaraq, gələn zəngə sakit şəraitdə cavab verəcək. Beynəlxalq praktikada telefonla danışa-danışa və ya SMS yaza-yaza avtomobil idarəsi huşsuz idarəetmə adlandırılır. Diqqəti yoldan yayınan sürücü ətrafda olan hərəkət iştirakçıları üçün potensial təhlükədir. Sükan arxasında hər zaman son dərəcə diqqətli olmalıyıq! Yolda sükan arxasında olan xanımlar şokolad yeməyi və ya dodaqlarını boyamağı çox sevirlər. Qadınların törətdiyi yol-nəqliyyat hadisəsinin əsas səbəbkarlarından biri də dodaq boyası olur. Sosial şəbəkələrdə gün keçirən həvəskarları xüsusi olaraq ayrıca qeyd etmək lazımdır. Bir çox sürücünün avtomobilində panel üzərində planşet və ya smartfon var. Onların vasitəsi ilə sürücülər  aktiv şəkildə kimlərləsə yazışır və ya xəbəri oxuyur, bəzən də film izləyirlər. Sürücülərin daha bir düşməni də bu gün geniş  yayılmış selfidir. Bütün bunlar diqqəti yoldan yayındırır və çox ciddi xoşagəlməz hadisələrə səbəb olur. Saniyə kifayət edər ki, avtomobil yol kənarındakı xəndəyə düşsün və ya digər nəqliyyat vasitəsinə çırpılsın. Şəhərlərdəki  sürət həddini nəzərə alaraq, sürücülərin diqqətsizliyi ucbatından yol qəzalarında əzab çəkən insanlar olur”. 

    Natiq Ələsgərov deyir ki, sükan arxasında telefonla daim kontaktda olmaq istəyənlər xüsusi vasitələrdən istifadə edə bilərlər: “Avtomobil istehsalçıları müasir avtomovbillərin təchizatına telefonların audiosistemə qoşulmasını da daxil edirlər. "Hands free" qarnituru xüsusi olaraq məhz sürücülərin yolda təmassız telefon danışıqları üçün hazırlanıb. Bu zaman sürücünün əli telefonla danışıq zamanı sükanda olur və istənilən manevri də edə bilir. Bununla belə, sükan arxasında istənilən söhbət idarəetməyə təsir edir və yolda sürücüyə diqqətini bir yerə cəmləməyə mane olur. Bu yaxınlarda tanış olduğum bir təhqiqatın nəticələrində qeyd olunurdu ki, avtomobil idarə edən zaman mobil telefonla danışmaq yol-nəqliyyat hadisəsi ehtimalını 4 dəfə artırır". 

    Tarix : 7-03-2024, 19:50 | Oxunub: 486