Dövlət Ekoloji Təhlükəsizlik Xidməti süxurun qanunsuz daşınması faktı aşkar edib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər rayonu Zirə və Türkan qəsəbələri arasındakı boş torpaq sahəsindən dövlət qeydiyyat nişanları 37-BC-595, 10-VA-712, 90-VZ-767, 90-OM-454, 32-BC-592, 99-RE-997 və 99-DA-843 olan “SHACMAN” və Qaradağ rayonu Korgöz qəsəbəsində daş karxanalarına yaxın ərazidən dövlət qeydiyyat nişanları 01-BP-078 və 01-BP-610 olan “KAMAZ” markalı, 99-RB-933 olan “SHACMAN” markalı və 77-EP-121 olan “BMC” markalı yük avtomobilləri vasitəsilə ümumilikdə 177 m3 həcmində süxurun qanunsuz daşınması faktı aşkar olunub.
Dövlət qeydiyyat nişanı 77-EP-121 olan “BMC” markalı yük avtomobilinin sürücüsü Röyal Məmişov barəsində protokol tərtib edilib, digər yük avtomobillərinin sürücüləri isə özlərinə və nəqliyyat vasitələrinə dair sənədləri təqdim etməkdən imtina ediblər.
Sürücülərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. Digər sürücülərin də şəxsiyyəti müəyyənləşdirildikdən sonra barələrində qanunamüvafiq tədbir görüləcək.
Ekologiya.az