Şimali Makedoniyanın Poloq regionunda blutanq xəstəliyinin aşkar olunmasından sonra bu ölkədən Azərbaycana dəvə idxalına qadağa tətbiq edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu barədə yaydığı məlumat sosial şəbəkələrdə geniş maraq doğurub. Vətəndaşlar “Azərbaycanda dəvə ətini kimlər yeyir?”, “Bu ət harada və necə istifadə olunur?” kimi suallar səsləndirirlər. Məlumatın məhdud olması isə mövzu ətrafında qeyri-müəyyənlik yaradıb.
Azərbaycana dəvə ətinin idxalı hansı məqsədlərlə həyata keçirilir? Əhalinin gündəlik istehlakında geniş yayılmayan bu ət növü ölkəyə hansı ehtiyaclara uyğun olaraq gətirilir?
Ekologiya.az xəbər verir ki, Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, idxal edilən dəvə əti, əsasən qutabların hazırlanmasında istifadə olunur:
“Bundan əlavə, kabab, lülə, konservləşdirilmiş ət, müxtəlif qazan yeməkləri, qovurma kimi təamların hazırlanmasında da istifadə edilir. Əsas məsələ ətin baytarlıq nəzarətindən keçməsi və mənşəyinin aydın olmasıdır. Ölkəyə gətirilən bütün ət məhsulları sağlam və təhlükəsiz olmalı, sıfır risk prinsipi təmin edilməlidir. Bu, insanların məhsullardan rahatlıqla istehlak edə bilməsi üçün vacibdir. AQTA artıq bu istiqamətdə zəruri addımlar atıb”.
Mütəxəssis bildirib ki, vətəndaşlar ət istehlakı zamanı fərdi olaraq diqqətli davranmalıdırlar:
“Dəvə əti satan iaşə obyektləri isə bu məsələdə xüsusi məsuliyyət daşıyırlar. Ümumiyyətlə, yalnız dəvə əti deyil, bütün riskli məhsullar mikrobioloji, fiziki və kimyəvi çirklənmələrdən qorunmalı, qida zənciri boyu nəzarətdə saxlanılmalıdır”.