Zaqatala rayonu, Bəhmətli kəndi ərazisindəki qəbiristanlıqda 27 ağacı kəsən şəxs məsuliyyətə cəlb edilib. Təqsirləndirilən şəxs ağacların kəsilməsi ilə bağlı göstərişi bələdiyyə sədrindən aldığını deyib, amma sədr bunu inkar edib.
Ekologiya.az xəbər verir ki, ağacların kəsildiyi torpaq sahəsi kənd bələdiyyəsinin mülkiyyətində olub.
Bu hadisə 2023-cü ildə baş versə də, araşdırmalar 2 ilə yaxın davam edib. Lakin hələ də əsas səbəbkarın kim olduğu aydınlaşdırılmayıb.
Kəsilən ağaclar arasında yunan qozu, ağcaqayın, qovaq, əncir və göyrüş ağacları da olub. Təbiətə vurulmuş ümumi zərər 26 min manat olaraq hesablanıb.
Təqsirləndirilən şəxs 1989-cu il təvəllüdlü Elçin Əhmədov dindirilən zaman ifadəsində bildirib ki, Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayev (hazırda bələdiyyə sədri deyil - red.) ona zəng edərək görüşməyi təklif edib. Görüş zamanı bələdiyyə sədri ondan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və rayon icra hakimiyyətinin razılığı ilə qəbiristanlıq ərazisində 27 ədəd ağacın kökündən kəsilməsini istəyib.
“Mənə həmin kəsiləcək ağacları satdığını dedi. Ondan rəsmi qurumların xəbərdar olub-olmadığını soruşdum. Dedi ki, həmin ərazi bələdiyyənindir və icazəni də alıb. Mən bir neçə dəfə icazə alınıb-alınmadığını soruşdum. Dedi ki, narahat olmağa dəyməz. Yanımda Nuran adlı şəxsə zəng etdi. Dedi ki, həmin əraziyə onunla birlikdə gedəcəyik. Kəsilən ağacların hər reysinə görə 1000 manata razılaşdıq. İki gün sonra bələdiyyə sədri mənə zəng etdi. Həmin əraziyə getdik. Göstərilən ağacları kəsdik.
Ağacların budanması söhbəti olmayıb. Ağaclar kəsilən zaman videoçəkiliş də olub. Həmin videoda bələdiyyə sədri və onun dediyi Nuran adlı şəxsin ərazidə olduğu görünür. Mən ərazidə ağacların kəsilməsi ilə bağlı Həsrətdən rəyi göstərməsini istəyəndə dedi ki, idarədədir. Bütün prosesə bələdiyyə sədri və Nuran rəhbərlik edib. İndi yalandan deyirlər ki, xəbərləri olmayıb.
Özləri mənə dedilər ki, həmin ağaclar qəbir daşlarını dağıtdığı, mane olduğu üçün kənd camaatının istəyi ilə rəsmi qurumlara müraciət edilərək kəsilir. Amma indi ikisi də qərəzli və yalan ifadə veriblər. Mən özbaşına ağac kəsməmişəm. Bunu sübut edən videogörüntülər, səs yazıları, danışıqlar var. Amma hamısını gizlədirlər.
Mənim bu işdə heç bir günahım yoxdur. Ağacların kəsilməsinə görə hesablanan dəymiş zərər də düzgün hesablanmayıb. Bu işdə heç bir günahım olmadığına görə barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”, - deyən təqsirləndirilən şəxs bələdiyyə sədrinin məsuliyyətə cəlb edilməsini istəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin sözlərindən məlum olub ki, dəymiş zərərdən cəmi 10 min manat ödənilib. Nümayəndə qalan hissədə zərərin ödənilməsinin təmin edilməsini istəyib.
Araşdırma zamanı sabiq bələdiyyə sədri də ifadə verib. Deyib ki, Elçindən qəbiristanlığın kənarındakı ağacların budanmasını istəyib. Lakin Elçin qəbiristanlığın içərisindəki ağacları kəsib:
“Kənd ağsaqqalları mənə müraciət edərək qəbiristanlığın ətrafındakı bəzi ağacların qəbir daşlarına ziyan vurduqlarını dedilər. Biz də ekologiyaya müraciət etdik. Buna görə 47 ağacın budanması üçün rəy verildi. Mən də Elçin adlı şəxsi maraqlanıb tapdım. Ağacların satılmasından əldə edilən pulla qəbiristanlığın ətrafına hasar çəkiləcəkdi. Mən özüm xərçəng xəstəsiyəm. Prosesə rəhbərlik etmək imkanım olmayıb. Həmin zaman da müalicə alırdım. Sonra məlum oldu ki, qəbiristanlığın içərisindəki ağaclar kəsilib. Nuranla danışanda dərhal dayandırmasını istədim. Elçinə ağacların budanması ilə bağlı alınan rəyin bir surəti verilmişdi.
Qəbiristanlığın içərisində kəsilən ağaclarla bağlı da düzgün rəy verilməyib. Qovaq ağacının kəsilməsinə görə 10 900 manat ziyan hesablanıb. Həmin ağac üç haçalı böyük ağacdır. Həmin ağac tam kəsilməyib, hazırda inkişafdadır. Digər ağacların bir çoxu da kökündən kəsilməyib.
Elçinə qarşı heç bir qərəzim yoxdur. Onu kəsilən ağacları baha qiymətə alan şəxs kimi tanıdığım üçün bu işi ona tapşırdım. Elçin özündən əmin olduğu üçün bu işin öhdəsindən doğru gələ biləcəyini düşünmüşdüm”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, ağacların kəsilməsi məsələsi kənd sakinlərinin birinin kənardan çəkdiyi videogörüntünü rayon sakinlərinin olduğu sosial şəbəkə hesablarından birində paylaşması olub.
Həmçinin məhkəmə araşdırması zamanı şahidlərin bir çoxu dindirilən zaman bələdiyyə sədrini ağaclar kəsilən zaman ərazidə gördüklərini bildiriblər. Bəzi şahidlər isə deyiblər ki, bələdiyyə sədrinin yanında olan Nuran adlı şəxs prokurorluqda ifadə verməyə gedən zaman onlardan ifadələrinə düzəliş etmələrini istəyib.
Məhkəmə araşdırması zamanı Elçin Əhmədovun təqdim etdiyi videogörüntülər məhkəmə tərəfindən izlənilib. Həmin görüntülərdə bələdiyyə sədrinin və Nuran adlı şəxsin də ərazidə olması müəyyən edilib.
Buna görə də hakim həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala Rayon Prokurorluğuna məlumat verilməli olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elçin Əhmədov 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə göstərilib ki, bələdiyyə sədrinin əməllərinə hüquqi qiymət verilməsi üçün isə Zaqatala Rayon Prokurorluğuna məlumat verilsin.
Musavat.com