Mayın 20-də Qobustan rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Fondu Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Biomüxtəliflik davamlı gələcəyin açarıdır” mövzusunda tədbir keçirilib.
Qlobal Ekologiya Fondunun dəstəyi ilə ETSN-in, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qafqaz üçün Regional Ekoloji Mərkəzinin birgə icra etdiyi “Torpaq deqradasiyası neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində tələbələrin, ekokönüllülərin və Qobustan gənclərinin iştirakı ilə keçirilən tədbir 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən FAO-nun nümayəndəsi Elməddin Namazov “Torpaq deqradasiyası neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə Qlobal Ekoloji Fondu, FAO və ETSN tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində üç ərazi müəyyənləşdirilib. Həmin ərazilər Qobustan, Siyəzən və Abşeron yarımadasıdır. Layihənin məqsədi 2 700 hektar ərazidə dağılmış torpaqların rekultivasiyasıdır.
“Dayanıqlı inkişaf məqsədlərinin (DİM) 17 məqsədindən 15-cisi torpaq ekosisteminin mühafizəsi ilə bağlı məsələdir. Layihə də DİM-in 15-ci məqsədinə yönəlib. Layihə çərçivəsində hər üç ərazidə ümumilikdə 31 min hektar ərazidə dayanıqlı torpaq idarəetmə təcrübələri tətbiq edilməlidir. Eyni zamanda, layihənin hədəflərindən biri biomüxtəlifliyin qorunub-saxlanılması ilə paralel fermerlərin gəlirlərinin təmin olunmasından ibarətdir", - deyə E.Namazov vurğulayıb.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq ekologiyası laboratoriyasının müdiri Zaman Məmmədov Azərbaycanın aztorpaqlı ölkələr sırasında olduğunu, ölkəmizdə adambaşına düşən münbit torpaqların payının az olduğunu diqqətə çatdırıb.
“Bu gün torpaq problemi bütün dünya ölkələrini ciddi şəkildə narahat edir. Həm antropogen, həm də təbii amil fonunda torpaqlarda baş verən mənfi hallar bu gün bütün dünya ölkələrinin ciddi marağına səbəb olur. Noyabrda Azərbaycanda COP29 tədbiri keçiriləcək. İqlim dəyişikliyi, ətraf mühit problemlərinin müzakirə olunacağı tədbirdə minlərlə qonaq iştirak edəcək. Məqsəd ekoloji dayanıqlığın təmini olan konvensiyalardakı öhdəliklərin nəzarətə götürülməsi və bununla bağlı baş verən problemlərin aradan qaldırılmasıdır. Bunu xüsusi qeyd etmək yerinə düşər ki, ətraf mühitdə baş verən proseslərin mənfi təzahürləri torpaqda olur. Azərbaycanda torpaq kateqoriyasının yeddi yerə bölünür və onların əvvəlində kənd təsərrüfatı təyinatlı torpaqlar dayanır”, - deyə Z.Məmmədov qeyd edib.
Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Paşayev 22 may - Beynəlxalq Biomüxtəliflik Gününün təsis edilməsi barədə məlumat verərək deyib: “Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması biomüxtəlifliyin qorunması üçün alətdir. Biz bu üsulla biomüxtəlifliyin qorunmasına nail ola bilmişik. Həmin mühafizə üsulu çox geniş vüsət alıb və yeni mühafizə rejimli ərazilərin yaradılması istiqamətində işlər aparılır. Ölkəmizdə ümumi ərazisi 893 min hektar olan xüsusi mühafizə olunan ərazilərə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı aiddir. Onların hər birinin yaradılmasında müəyyən səbəblər olub. Zaman göstərdi ki, zərurətdən irəli gələn səbəblər özünü doğrultdu və müsbət nəticələrini verdi.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması ənənəsi 1910-cu ildən başlayıb. İlk yaradılan mühafizə olunan ərazi indiki Eldar Şamı Dövlət Təbiət Qoruğu olub. Yaxın illərdə Zaqatala-Balakən biosfer rezervatının və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun ərazisində geoparkların yaradılması istiqamətində işlər aparılır”.
Daha sonra tələbələr və ekokönüllülər üçün qrup işi tapşırığı verilib. İlk iki yeri tutan komandalar mükafatlandırılıblar.