Təbii istixana effekti olmasaydı, yer kürəsində havanın orta temperaturu təxminən -18°C olardı
Atmosfer bizi əhatə edən və əsasən 78% azot, 21% oksigendən ibarət olan qaz qarışığıdır. O, yalnız nəfəs almağımız üçün lazım olan oksigeni təmin etmir, eyni zamanda həyat üçün vacib bir çox funksiyanı yerinə yetirir. Məsələn, Günəşdən gələn zərərli ultrabənövşəyi (UV) şüalar ozon təbəqəsi tərəfindən udulur. Həmçinin, atmosfer Günəşdən gələn istiliyin saxlanmasında da mühüm rol oynayır, bu proses “istixana effekti” adlanır.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, Günəşdən gələn radiasiyanın təxminən 70%-i Yer səthi və atmosfer tərəfindən udulur, qalan 30%-i isə kosmosa əks olunur. Yer kürəsi isə Günəşdən fərqli olaraq daha uzun dalğalı istilik radiasiyası yayır. Bu radiasiyanın bir hissəsi atmosferdə saxlanaraq istiliyin aşağıya doğru yayılmasına səbəb olur və nəticədə Yer səthində temperaturun artmasına gətirib çıxarır.
Bu təbii istixana effekti olmasaydı, Yer kürəsində həyat üçün əlverişli temperatur mümkün olmazdı, havanın orta temperaturu -18°C olardı, amma bu gün 14°C temperatur qeydə alınır.
Lakin son illərdə insanların fəaliyyəti nəticəsində, xüsusilə də fosil yanacaqların yandırılması ilə atmosferdə istixana qazlarının miqdarı artmışdır. Bu isə istixana effektinin güclənməsinə səbəb olmuşdur. Ən uzunmüddətli təsirə malik istixana qazları arasında karbondioksid (CO₂), metan (CH₄) və azot oksidi (N₂O) xüsusilə önəmlidir. Ekologiya.az