Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər.


AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. 


Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub. Eyni zamanda, mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.